Rəhbərlik şəhərin ən böyük problemlərindən olan tıxacların qarşısını almaq istəyir
Sinqapurda ilk dəfə olaraq sürücüsüz avtomobillər sınaqdan keçirilcək. Sinqapur rəhbərliyi bu avtomobillər vasitəsilə yolları qismən boşaltmaq və şəhərin ən böyük problemlərindən olan tıxacların qarşısını almaq istəyir.
Sinqapurun Nəqliyyat Nazirliyi sürücüsüz idarə olunan bu avtomobilləri şəhər əhalisinin yaxın məsafələrə rahat gedib-gəlməsi üçün 2015-ci ildə taksi kimi xəttə buramağı planlaşdırır. Avtomobillərin sürücüsüz idarə olunmasından savayı, digər özəlliyi aşağı sürətə malik olmasıdır, bu da, tıxacların sayını azaltmalıdır. Avtomobil yerli alimlər və Massaçuset Texnoloji İnstitutunun mütəxəssisləri tərəfindən yaradılıb.
Şəxsi avtomobil olmayacaq
Belə avtomobillərin istifadəsi Sinqapuru şəxsi nəqliyyatı olmayan ölkəyə çevirə bilər. Hökümət yalnız ictimai nəqliyyat və velosipedləri saxlamaq niyyətindədir. Belə ki, indi də Sinqapurda şəxsi avtomobil əldə etmək çox çətindir. Bunun üçün xüsusi icazə almaq lazımdır ki, bu da bəzi avtomobillərin özündən baha başa gəlir. Sürücüsüz avtomobil layihəsi uğurlu olsa, bu, şəhərin nəqliyyat sistemini tamamilə yeniləməyə imkan verəcək. Sınaq məqsədilə istifadə olunacaq bu avtomobillər elektrik enerjisi ilə işləyəcək (elektrokar).
İşıqforlara ehtiyac qalmayacaq
Layihə özünü doğrultsa, şəhər nəqliyyat sistemində köklü dəyişikliklərə səbəb olacaq. Çünki yollarda işıqforlara və bu kimi yol tənzimləyicilərinə ehtiyac qalmayacaq, həmçinin, daxili yanma mühərriki hesabına işləməsi atmosferə zərərli maddələrin atılmasını azaldacaq. Alimlərin hesabalmalarına əsasən, təkcə işıqforlardan imtina atmosfer tullantılarını 2 dəfəyədək azaldacaq. Lakin layihənin həyata keçirilməsində əsas əngəl ərazi ilə bağlı ətraflı xəritələrin olmamasıdır. Çünki avtomobillərin dəqiq çalışması üçün 20 santimetr dəqiqlikli xəritələrin olması vacibdir. Xüsusi sensorlarlar hesabına sistemi işə salmaq mümkündür, lakin belə insfrastruktur çox baha başa gəlir. Fins.az