Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov KİVDF-nin təşəbbüsü ilə həyata keçirilən "31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il" münasibətilə təşkil edilımiş fərdi jurnalist yazılarının mükafatlandırılma mərasimində çıxış edib.
“Qafqazinfo” xəbər verir ki, Ə. Həsənov bildirib ki, 2014-cü il bir neçə gündən sonra tarixə qovuşur və biz yeni 2015- ci ilin yurdumuza qədəm basmasını gözləyirik: “ Hər il olduğu kimi 2014- ci il də müstəqillik tariximizin mühüm bir ili kimi, müstəqillik dövrümüzün inkişafının müxtəlif istiqamətlərini yaşadan bir il kimi tarixə qovuşur. Müstəqil mediamız bu il də inkişaf edib. Azərbaycan mediasının inkişafı sahəsində həyata keçirilən tədbirlər bu gün öz bəhrəsini göstərir. KİVDF-nin hesabatında göstərildi ki, hər il olduğu kimi, bu il də Azərbaycan dövlətinin dəstəyi ilə media nümayəndələrinin təşəbbüsü ilə müxtəlif sahələr üzrə bir sıra tədbirlər keçirilib və bu tədbirlər də müvəffəqiyyətlə sonuclanıb.
Onu qeyd etmək lazımdır ki, 2014-cü ildə üç dəfə jurnalist müsabiqəsi keçirilib. Nəticədə onlarla, yüzlərlə jurnalist qalib gələrək dövlət dəstəyi fondundan müxtəlif maddi yardımlar alıb. Bunlar mahiyyət etibarilə ona xidmət edir ki, Azərbaycanda dövlətimizin daxili həyatının, dövlət siyasətinin mühüm istiqaməti üzrə söz, məlumat azadlığı durmadan inkişaf etsin. Media dövlət həyatının, daxili sistemimizin tərkib hissəsinə çevrilsin və Azərbaycan media nümayəndələri ölkədə baş verən hadisələri, hökumətin fəaliyyətini, o cümlədən Azərbaycan ətrafında, beynəlxalq aləmdə baş verən hadisələri sərbəst şəkildə təhlil etsinlər, bu hadisələr haqqında heç bir kənar müdaxilə olmadan istədikləri informasiyanı toplasınlar. ictimaiyyətə çatdırsınlar, onun müzakirəsini açsınlar və əhalinin bu hadisələrə verdiyi qiyməti müvafiq səhifələrində əks etdirərək xalqın mandat verdiyi hakimiyyət nümayəndələrinə çatdırsınlar. Heç kim deyə bilməz ki, Azərbaycanda bu sahədəki mövcud vəziyyət dünyanın hansısa ölkəsindən pis vəziyyətdədir. Heç kim deyə bilməz ki, Azərbaycanda hansısa jurnalist azad şəkildə adını çəkdiyim və çəkmədiyim proseslər haqqında sərbəst informasiya toplamaq, onu öz oxucularına və yaxud dinləyicilərinə çatdırmaq, o faktların ictimai müzakirəsini açmaq və bu müzakirənin nəticələri haqqında cəmiyyətə öz mesajlarını çatdırmaq imkanına malik deyil. Heç kim deyə bilməz ki, bu sahədə fəaliyyət göstərən hər hansı jurnalist indiyə qədər hansısa dövlətin ayrı-ayrı qurumları tərəfindən təzyiqlərə məruz qalıb. Lakin təəssüflər olsun ki, Azərbaycanda təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş azad media mühitini bu gün qaralamağa çalışan dünyada müxtəlif strukturlar, QHT-lər və ayrı-ayrı beynəlxalq dairələr mövcuddur. Bilirsiniz, Azərbaycanda azad, milli medianın təməli hələ 1875- ci ildə böyük öndər Həsən bəy Zərdabi tərəfindən qoyulub. Bundan sonra ayrı-ayrı dövrlərdə Azərbaycan mediası müxtəlif inkişaf mərhələlərini keçərək özünün bu gün gördüyümüz inkişafa gəlib çatıb. Bu mərhələdə ümummilli lider Heydər Əliyevin xidmətləri də danılmazdır və onun bu xidmətləri Azərbaycan mediasını sözün həqiqi mənasında ölkənin aparıcı institutlarından birinə çevirdi, o cümlədən Azərbaycan mediası regionun və dünyanın qabaqcıl nümunələrindən birinə çevrildi.
2008- ci ildə Azərbaycan prezidenti İlham Əliyev ümummlilli liderin yolunu davam etdirərək Azərbaycanda medianın inkişafına dövlət dəstəyini dövlət siyasəti səviyyəsinə qaldırdı. 2008- ci il də qəbul olunan kütləvi informasiya vasitələrinə dövlət dəstəyi konsepsiyası, 2009- cu ildə eyni adda yaradılan fond o gündən bu günə qədər medianın inkişafına önəmli töhfələrini verir. Bu sahədə verdiyi töhfələr də bugünkü jurnalistikamızın nümunəsində bütün dünyaya səsini çatdırır. Ona görə biz mətbuat söz azadlığından danışarkən bu məsələnin prinsipial məqamalarına yanaşırıq. Əlbəttə, bu gün Azərbaycanın üzərinə gələn bəzi beynəlxalq dairələr, o cümlədən QHT-lər dünyada mövcud jurnalist azadlığını, mövcud söz , mətbuat azadlığını ayrı-ayrı ölkələrdə bu və ya digər konkret istiqamətə yönəldilməsi istiqamətində quraraq onun vasitəsilə dəyərləndirirlər. Amma Azərbaycan jurnalistləri, Azərbaycan hakimiyyəti nümayəndələri üçün jurnalist azadlığı bütün dünyada jurnalistlərin azadlıqlarını ehtiva edir. Bütün dünyada mövcud olan jurnalistləri kiçikliyindən böyüklüyündən asılı olmayaraq dünyada baş verən əksər dövlətlərin həyatındakı prosesləri şəffaf şəkildə kənar müdaxilə olmadan işıqlandırmaq imkanında görürük. Bu gün böyük dövlətlərdə baş verən hadisələr müəyyən dövlətlərin bəlli dairələrinin senzurasının və onlara məxsus transmilli mediada yayımlandığı halda, kiçik islam dövlətlərində də baş verən hadisələrə də məhz onların nöqteyi-nəzərindən dünya jurnalistlərinə çatdırılır. Məgər dünyada siyasi plüralizm, media plüralizmi təkcə bir neçə trasmilli televiziyaya, media nümayəndələrinə aid olunan dəyərdirmi? Məgər dünyada bu gün baş verən ayrı-ayrı hadisələri işıqlandırmaq anlamında Azərbaycandakı jurnalist ilə böyük dövlətlərdə yaşayan jurnalistlərin hüququ eyni deyilmi? Bizim üçün media və jurnalist azadlığı məhz bu prinsiplər üzərində qurulub. Bizim üçün media kiçikliyindən, böyüklüyündən asılı olmayaraq dünyada baş verən hər bir hadisə haqqında eyni prinsiplərdən çıxış edərək fəaliyyət azadlığının təsdiq edilməsi və qorunmasıdır. Odur ki, bu gün təəssüflər olsun ki, bəzi beynəlxalq dəyərləndirmə qurumları və yaxuddakı ayrı-ayrı jurnalist qurumları dünyada azad medianın səviyyəsini və o səviyyələr üzrə ölkələrin mövcud vəziyyətini təhlil edərkən qərəzli siyahılar ortaya qoyurlar.
Bu sahə üzrə də ayrı- ayrı kiçik dövlətlərin üzərinə yeriyərək onların dövlət siyasətinə təsir etmək məqsədilə bu və digər beynəlxaq təsir mexanizmlərini işə salırlar. Odur ki, bu gün məmnuniyyətlə və qürur hissi ilə qeyd edə bilərik ki, Azərbaycanda azad media formalaşıb, inkişaf edib və bundan sonra da inkişaf edəcək. Azərbaycan dövləti özünün öz daxili həyatını azad mediasız təsəvvür edə bilmir. Nə qədərki, İlham Əliyev hakimiyyəti Azərbaycanda siyasi hakimiyyətdədir və bu belə də olacaqdır. Azərbaycan cəmiyyəti azad medianın dadını çoxdan dadıb. Bəlkə, Avropa ölkərinin çoxusundan qabaq bu dəyər Azərbaycan mediasına və onun nümayəndələrinin qəlbinə hakim kəsilib. Azərbaycanda azad media tarixi, azad demokratik cəmiyyətin uzunmüddətli ənənələri vardır. Dövlətimizin maddi imkanları artdıqca mediamızın da maddi imkanları artacaq”.