Bu sözləri oxu.az-a Bakı Beynəlxalq Avtovağzalında fəaliyyət göstərən “M-Trans” nəqliyyat şirkətinin iqtisadiyyat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mətləb Abidi bildirib.
Onun dediyinə görə, bayram günlərində ölkədə şəhərlərarası marşrutlarda sərnişindaşımada intensivliyin artması müşahidə olunarsa, əhalinin tələbatını ödəmək üçün marşrutlara buraxılan avtobusların sayı artırılacaq. Bununla əlaqədar avtobuslar artıq hazır vəziyyətə gətirilib, rəhbər işçilərdən ibarət növbətçilik cədvəli tərtib olunub, artıq ayrı-ayrı hüquqi və fiziki şəxslərlə danışıqlar aparılıb.
“Əgər adi günlərdə 7-8 min sərnişin daşınırdısa, bayram günlərində bu rəqəmin 15-16 minə çatacağı gözlənilir. Buna görə də əhalinin tələbatını ödəmək üçün marşrutlara buraxılacaq avtobusların sayı 2 dəfəyə qədər artırılacaq. Adi günlərdə xəttə 380-400 avtobus buraxıldığı halda, bayram günlərində onların sayı 600-700-dək çatdırılacaq”, - deyə şöbə müdiri qeyd edib.
M.Abidi həmçinin vətəndaşlara müraciət edərək, biletləri 10 gün öncədən almağa və ya “onlayn” rejimdə internet üzərindən sifariş etməyə çağırıb.
Şəhərlərarası avtobus reyslərində süni qiymət artımına gəlincə isə M.Abidi qeyd edib ki, biletlərin satış qiymətlərinə heç bir rəsmi dəyişiklik edilməyib.
“Bununla bağlı kompleksdə Qiymət intizamına nəzarət komissiyası yaradılıb. Sərnişinlər biletlərin qiymətinin qanunsuz şəkildə artırılması halları ilə qarşılaşdıqları təqdirdə bu komissiyaya müraciət edə bilərlər. Əgər hər hansı bir qiymət intizamına uyğun tarifdən artıq pul alınarsa dərhal həmin avtobus marşrutdan kənarlaşdırılacaq,” - o bildirib.