Son vaxtlar Bakıda mənzillərin ucuzlaşması müşahidə olunur. “MBA” Konsaltinq və Qiymətləndirmə şirkətinin məlumatına görə, təkcə noyabr ayında mənzillər təxminən 1% ucuzlaşıb. Şirkətin prezidenti Nüsrət İbrahimov fins.az-a bildirib ki, bunun səbəbi əmlak bazarında qiymətlərin həddindən çox şişirdilməsidir: “İndi bazardakı qiymətlərə uyğun alıcı olmadığına görə, əmlak ucuzlaşır. Bu tendensiya oktyabr ayında da olub”. Şirkətin məlumatlarına görə, oktyabr və noyabr aylarında Bakıda mənzillərin qiyməti hər ay 0,6% ucuzlaşaraq 1 kvadratmetr üçün 2065 dollara enib.
Daşınmaz əmlak bazarını araşdıran Əmlak Ekspert Mərkəzinn məlumatına görə isə, noyabr ayında Bakıda mənzillərin qiyməti dəyişməyib. Əvəzində, mənzillərin alqı-satqısı oktyabrla müqayisədə 12-13% azalıb. ƏEM-in direktoru Ramil Osmanlı bunu ipoteka kreditləşməsinin kəskin azalması, dövlət büdcəsində yaranmış kəsirlə əlaqədar söküntü işlərinə ayrılan pulun azalması ilə bağlıdır. Satışların azalmasının digər ciddi səbəbi isə evlərin guya ucuzlaşaacağı barədə məlumatların yayılmasıdır: "Bu məlumatlara görə, alıcıların çoxu gözləmə mövqeyini tutur". Bundan başqa, R.Osmanlının sözlərinə görə, noyabr ayında qeyri-yaşayış sahələrinin qiyməti 3-4% azalıb. Səbəb təklifin artmasıdır.
Bakıdakı əmlakı satıb Rusiyada alırlar
Bakıda əmlakın ucuzlaşmasına Rusiyada baş verən iqtisadi proseslər də təsir edib. Rublun məzənnəsi zəiflədiyi üçün qonşu ölkədə əmlakın qiyməti aşağı düşüb. Bəzi şəxslər bundan yararlanmaq üçün Bakıdakı əmlakı satıb həmin vəsaitlə Rusiyadan ucuz qiymətə əmlak almağa çalışırlar. Məsələn, Nüsrət İbrahimov deyir ki, Rusiya rublunun ucuzlaşması Azərbaycanın daşınmaz əmlak bazarına ciddi təsir etməyib. Onun sözlərinə görə, rublun məzənnəsinin zəifləməsi qonşu ölkədə əmlakın qiymətini ani olaraq ucuzlaşdırıb. Amma bu tendensiya uzun müddət davam etməyib. Çünki, son 1 həftədə Rusiyada qiymətlər dollarla göstərilməyə başlayıb. Yəni, əmlak satanlar məzənnə fərqindən ziyana düşməmək üçün artıq rublla alqı-satqı etmirlər. Buna görə də, Rusiyada qiymətlər yenidən əvvəlki həddə qayıdıb. Son nəticədə Azərbaycanın daşınmaz əmlak bazarında elə bir dəyişiklik olmayıb.
Ramil Osmanlı isə deyir ki, Rusiyadakı vəziyyət Azərbaycanın daşınmaz əmlak bazarında təklifin artmasına səbəb olub. Onun sözlərinə görə, son vaxtlar Rusiyada yaşayan, bu ölkədə biznes quran azərbaycanlılar Bakıdakı əmlaklarını, o cümlədən qeyri-yaşayış sahələrini satışa çıxarıblar. Bakıdakı əmlakın satılmasının isə 2 məqsədi var: Rusiyada rublun ucuzlaşması nəticəsində qiyməti aşağı düşmüş daşınmaz əmlaka pul qoymaq və vəsait çatışmazlığı problemini həll etmək, yəni biznesə pul yatırmaq.