Yüksək çinli məmurların və iqtidardakı ciddi qruplaşmalara bağlı olan tanınmış iş adamlarının övladlarına məxsus avtomobillərin yol hərəkəti qaydalarını pozmasından bəhs edən video-görüntülərin internet-mediada yayılması cəmiyyətdə ciddi əks-sədaya səbəb olub. Hətta Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədovla bağlı kampaniya da elə bahalı avtomobillərin foto və video görüntülərinin yayılması ilə başlamışdı.
Belə demək mümkündürsə, Prezident İlham Əliyevin hökumətin müşavirəsində məmur və iş adamları-nın qudurğan övladları ilə bağlı sərt fikirlər səsləndirməsi bəzi qüvvələrin rəqiblərinə qarşı kampaniyaya başlamasına rəvac verdi.
Hakimiyyət mənsublarından birinin sözlərinə görə, komanda daxilindəki mübarizədə tərəflər Dövlət Yol Polisi İdarəsinin vasitəsi ilə bir-birini "vurmağa" çalışırlar.
Mənbəmiz deyib ki, kimin bahalı nömrə alması, harda və necə avtoxuliqanlıq etməsi, qanunları kobud şəkildə pozması ilə bağlı DYP-də detallı məlumatlar var: "Elə bu səbəbdən də iqtidar daxilində rəqib olan qruplar bir-birlərinə qarşı övladlarının qanunsuz əməllərini ifşa etməklə mübarizə aparırlar. Təbii ki, kampaniyanı daha təsirli aparmaq üçün əlavə faktlar da lazımdır. Ona görə də DYP daxilindəki "faktlar baza"sı kimin əlindədirsə, onun qarşı tərəflə bağlı kompromatlar əldə etməsi daha asan olur. Məlumdur ki, hakim komandada təmsil olunan yüksək çinli məmur övladlarının əksəriyyəti dəbdəbəli həyat tərzi keçirir, bahalı avtomobil sürürlər. Aydın məsələdir ki, onların böyük qisminin hərəkətləri ilə bağlı DYP-də dosyelər var. Bu dosyelərdə həm törədilən qanun pozuntuları, həm də "avtoşluq"la bağlı görüntüləri mövcuddur. Bir müddət əvvəl ard-arda "vurulan" məmurlarla bağlı qəti qərarın verilməsində də həmin videoların böyük rolu olub".
Mənbəmiz bildirib ki, hazırda DYP daxilində bu cür materialları toplayan və lazımi məqamda istifadə edən bir neçə qrup var. Onlardan biri general Ramiz Zeynalovun, digəri isə general Həsən Şirinovun nəzarətində olan şəxslərdir. Bu iki generalın iradəsindən kənar da qrup var ki, məqamı gələndə onları təhdid edə bilirlər.
Xatırlayırsınızsa, Prezident İlham Əliyev Gürcüstanın Azərbaycandakı səfirliyində mərhum dövlət başçısı Eduard Şevardnadzenin vəfatı ilə bağlı təşkil olunmuş anım mərasiminə gedərkən tıxacda qalmışdı və o hadisədən sonra general cəzalandırılmışdı. Səbəb kimi göstərilirdi ki, həmin gün Prezidentin avtomobil kortejini Bakı Şəhər Baş Polis İdarəsinin rəisi müavini, general-mayor Həsən Şirinov müşayiət edirmiş. Yəni, 10 AA 103 dövlət nömrə nişanlı polis maşını kortejin önündə hərəkətdə imiş. Lakin bu dəfə elə həmin avtomobilin səhvi ucbatından Prezidentin avtomobil karvanı "Gənclik" metrostansiyası yaxınlığın-da, Teymur Əliyev küçəsində yerləşən Gürcüstan səfirliyinə gedərkən yolda tıxaca düşüb. Sonradan məlum olub ki, buna səbəb general Həsən Şirinovun sürücüsünün yolu səhv getməsi olub. Hadisə ilə bağlı aparılan araşdırmalar zamanı sürücünün səhvi üzə çıxıb və o, polis orqanlarından uzaqlaşdırılsa da, H.Şirinov bununla yaxasını qurtara bilməyib. H.Şirinovun avtomobili Prezident kortejindən çıxarılaraq cəzalandırılıb.
Əslində, Həsən Şirinov, yaxud Ramiz Zeynalov bu sistemə tam nəzarət edə bilsəydilər, Prezidentin kortejinin tıxaca düşməsi və bununla bağlı video-materialların mətbuata ötürülməsi reallaşmazdı. Təkcə bu faktın özü hazırda generalların DYP-yə tam nəzarət edə bilmədiklərini göstərir. Sözsüz ki, bu vəziyyət Ramiz Zeynalov üçün yeni problemlərə yol açır.
Son günlər bir sıra yüksək çinli məmurların övladları ilə bağlı mə-lumatların mediaya yol tapması R.Zeynalovun təzyiqlərə məruz qalmasına səbəb olub. Çünki həmi vide-o-materialların əksəriyyəti DYP-nin nəzarətində olan müşahidə kameralarında lentə alınıb. Şübhəsiz ki, həmin görüntülərin internetə yerləşdirilməsi və ordan da mediaya ötürülməsi planlı şəkildə həyata keçirilir. Onu da nəzərə çatdıraq ki, bu prosesdə DYP-yə bağlı olan bir neçə portalın xidməti də danılmazdır. Yəni, DYP daxilindəki qrup mənsub olduqları tərəfin marağına uyğun olaraq, rəqib tərəflə bağlı materialları ötürür və bununla rəqiblərini "vurur". Digər tərəfdən isə R.Zeynalova problem yaradırlar.
"Bütün faktlar, video-görüntülər DYP-dən ötürülür. Bu proses Ramiz Zeynalovun iradəsindən kənar cərəyan etsə də, cavabdeh şəxs kimi məsuliyyəti o daşıyır. Son dövrlər bəzi məmurların övladları və yaxınları ilə bağlı video-materialların mətbuata ötürülməsi Ramiz Zeynalovu iqtidardakı bir neçə fərqli qruplaşmanın hədəfinə gətirib. Artıq generaldan hakimiyyətin yuxarı dairələrinə şikayət edilib. Hətta nüfuzlu şəxslər Ramiz Zeynalovun vəzifəsindən kənarlaşdırılmasına çalışırlar. Hər halda, DYP generalının vəziyyəti yaxşı deyil. Əgər qısa müddətdə hədəfdən yayına bilməsə, o, vəzifəsi ilə vidalaşmaq məcburiyyətində qalıb", - deyə, mənbə fikrini tamamlayıb(Reytinqinfo.az).