Ən son modern.az saytına müsahibəsində təhsil islahatlarından danışan S.Novruzov cənab nazirə bir növ əlcək atmışdı. Ötən ay Milli Məclisdə çıxışı zamanı da S.Novruzov Təhsil Nazirliyinin fəaliyyətini tənqid etmişdi. Deputat təhsildə islahatların sözdə olduğunu və reallıqda heç bir islahatın olmadığını demişdi. Sitat: "23 ildir eşidirik ki, islahat gedir. Biri Bolonya sistemi, digəri isə kurikulum gətirir, ballar isə getdikcə aşağı düşür”.
Deputat Azərbaycanın təhsil sistemini ciddi tənqid edib: "Bu gün Azərbaycanda müəllimin sayı Amerikadakından üç dəfə artıqdır. Onların sayına baxmaq lazımdır ki, normal maaş verilsin”.
Hətta tənqidlər o qədər sərt oldu ki, Təhsil Nazirliyi açıqlama ilə çıxış edərək deputata cavab verdi. Əlbəttə, təhsildə ciddi nöqsanlar var və bunlar media, ekspertlər, təhsil sahəsinin adamları da etiraf edirlər. Ancaq bir qayda olaraq parlamentdə hakimiyyətin müdafiəçisi kimi çıxış edən və hansısa nazirlik tənqid olunarkən özünü qabağa verib, hökuməti müdafiə edən S.Novruzovun birdən-birə sərt təhsil tənqidçisinə çevrilməsi diqqətləri cəlb etdi. Mediada bu mövzu uzun zaman müzakirə olundu. Ancaq bugünlərdə redaksiyamıza Siyavuş Novruzovu təhsil tənqidçisinə çevirən səbəb barədə məlumat daxil olub. Bizə verilən məlumata görə, son zamanlar təhsil naziri Mikayıl Cabbarovun ayrı-ayrı dairələrdən, o cümlədən YAP xəttindən "vurulmasının” xüsusi səbəbi var. Bildirilir ki, hakimiyyətdə ölkədə əsas strateji postlardan biri olan təhsil naziri postuna yeni iddiaçılar var. Məsələ burasındadır ki, iki il əvvəl bu vəzifəyə təyin olunan və sahə üzrə xeyli dərəcədə az təcrübəsi olan Mikayıl Cabbarov, gözlənildiyi kimi, nazirliyin işində, ümumilikdə təhsil sahəsində hansısa ciddi dəyişikliyə nail ola bilməyib.
Bu səbəbdən də rəqib qruplar M.Cabbarovu son dövrlərdə hər fürsətdə "vurmağa” çalışırlar. O da bildirilir ki, gələn il təhsil naziri işdən çıxarıla bilər. Bundan əvvəlki "təcrübəyə” əsasən M.Cabbarov da hakimiyyətdaxili intriqalar və qruplararası savaşların qurbanı ola bilər. Hazırda təhsilin vəziyyəti isə naziri istənilən an işdən çıxarmaq üçün əsas verir. Sadəcə, bunun üçün münasib şəraiti yaratmaq lazımdır. Bunun üçünsə artıq mediada və siyasi təbirlərdə lazımi çıxışlar edilir.
Ancaq gələn ən maraqlı məlumat təhsil naziri postuna iddiaçıların kimliyi ilə bağlıdır. Bu iddiaçılardan biri və ən birincisi Siyavuş Novruzovun özüdür. Bizə verilən bilgiyə görə, son 2 ildə YAP rəhbərliyində təmsil olunan Əli Əhmədov, Mübariz Qurbanlıdan sonra S.Novruzov da hökumətdə mühüm post tutmağa iddiasını ortaya qoyub. Bildirilir ki, Siyavuş müəllimin iddia etdiyi post məhz təhsil naziri vəzifəsidir. Hələlik onun bu iddiasına ən yuxarı səviyyədə razılıq verilib-verilmədiyi bəlli deyil. Ancaq siyasi hakimiyyətdə ciddi dayaqları olan S.Novruzovun partiyada və mediada da çoxlu sayda dəstəkçiləri var və onlar bu işdə S.Novruzovun yanındadırlar. Gələn məlumatda o da bildirilir ki, qarşıdakı dövrdə M.Cabbarovun qaralanması istiqamətində hakimiyyətə yaxın mənbələrdə "ifşa” yazıları yer alacaq.(mia.az)