Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Müslüm Maqomayevin həyat yoldaşı, SSRİ xalq artisti Tamara Sinyavskaya mərasimdə iştirak ediblər. Gəminin istismara verilməsini bildirən rəmzi lenti Tamara Sinyavskaya kəsib. Sonra Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısı səsləndirilib.
Gəmidə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev bildirdi ki, “Müslüm Maqomayev” sürətli sərnişin gəmisinin uzunluğu 70 metr, eni 16 metr, bortunun hündürlüyü 6 metrdir. Gövdəsi ikiqat, bütövlükdə alüminium qatlarından yığılmış katamaran tipli gəmi təyinatına görə dünyada həmin kateqoriyada ilk sürətli sərnişin gəmisidir. Gəminin inşası Beynəlxalq Dənizçilik Təşkilatının sürətli gəmilərin tikintisində tətbiq edilən HSC kodu tələblərinə uyğun olaraq, Avstraliyanın “İncat-Tasmaniya” gəmiqayırma zavodunda 1 il ərzində həyata keçirilib. Dəniz sınaqlarını müvəffəqiyyətlə başa vuran “Müslüm Maqomayev” gəmisi oktyabrın 4-də Xəzər dənizinə istiqamət alıb. Bakıya çatmaq üçün gəmi 11,486 mil məsafə qət edib. Gəmidə Müslüm Maqomayevin xatirə guşəsi yaradılıb. Burada dünya şöhrətli müğənninin müxtəlif fotoları yer alıb.
Gəmi ilə tanışlıq zamanı SSRİ xalq artisti Tamara Sinyavskaya dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkür edib.
Tamara Sinyavskaya gəmini işə salan düyməni basıb.