Onunla Bilgəh Qocalar evində tanış olduq. İllərin tənhalığı və yaş öz sözünü desə də, ziyalılıq heç nəyə təslim olmamışdı.
Bakı Slavyan Universitetinin keçmiş dosenti Nataliya Sadıxlı Publika.az-a bugünkü problemlərindən, qayğılarından danışıb. Heç kəsdən şikayət etmədi əslində, amma ürəyində gizli bir narahatlıq keçirdiyi aydın hiss olunurdu. Onunla söhbət zamanı məlum oldu ki, həyat yoldaşı 1982-1992-ci illərdə Azərbaycanın mülki aviasiya naziri olub. Amma səhhəti imkan vermədiyindən bu maraqlı insanla çox qısa söhbət edə bildim.
- Nataliya xanım, neçə ildir burada yaşayırsınız?
- Bilgəh Qocalar evinə üç il bundan qabaq gəlmişəm.
- Necə yaşayırsınız, çətinlikləriniz varmı?
- Yox, şükür Allaha, hər şey yaxşıdır. Burada hər şey qaydasındadır, direktor da sağ olsun, qayğımıza qalır, bizimlə çox mehribandır. Üç ildir ki, buradayam. Vaxtilə tələbəm olmuş bir qadın gəlmişdi, Kamilə xanım. Məni burada görüb ağladı.
- Ziyalı ailədə böyümüsünüz...
- Bəli, mən çox ziyalı bir ailədə böyümüşəm. Özüm Slavyan Universitetinin Ümumi rus dili kafedrasının dosenti olmuşam. Atam rəhmətlik Azərbaycan Pedaqoji Universitetinin kafedra müdiri olub. Elmlər doktoru idi. Həyat yoldaşım Vaqif Həsən oğlu Sadıqlı isə Azərbaycanın keçmiş mülki aviasiya naziri olub. Onu Heydər Əliyev də yaxşı tanıyırdı. O, çox tanınmış adam idi.
- Bəs necə oldu ki, bura gəldiniz?
- Heç kim mənim bura gəlişimi anlamır. Mən həyatım boyu ünsiyyətdə olmadığım insanları tanımaq istəyirəm. Məni bu insanların psixoloji vəziyyəti maraqlandırır.
- Ailəniz bura gəlişinizi necə qarşıladı?
- Həyat yoldaşım dünyasını dəyişib. Mənim bir qızım var - Səbirə xanım. Qızım Türkiyədə yaşayır və işləyir. O, türk ilə evlidir, üç nəvəm var. Qızım çox savadlıdır, 5 dil bilir. Bura gəlməyim isə mənim seçimimdir.