2 saylı ƏVD-nin rəisi, baş vergi xidməti müşaviri Abbas İsmayılov mətbuat nümayəndələrini salamlayaraq, bu tədbirin vergi orqanlarının fəaliyyəti barədə ictimaiyyətin məlumat alma imkanlarının genişlənməsinə şərait yaratdığını qeyd edib.
Sonra Departamentin əsas fəaliyyət istiqamətləri, onun əhatə dairəsinə daxil olan vergi ödəyicilərinin sayı, ümumi vergi daxilolmalarında onların payı və s. haqqında “Açıq qapı” iştirakçılarına ətraflı məlumat verilib, KİV nümayəndələri Departamentin inzibati binası, iş otaqları ilə yaxından tanış olublar.
Vergilər Nazirliyinin Vergi borclarının alınması işinin təşkili idarəsinin rəisi, kiçik vergi xidməti müşaviri Tural Quliyev “Vergi borclarının alınması” mövzusunda təqdimatla çıxış edib.
Bildirilib ki, son illər görülən tədbirlər nəticəsində borc məbləğləri ildən ilə azalır. Vergilər Nazirliyi tərəfindən borclu vergi ödəyiciləri barədə məlumat bazası yaradılıb və həmin vergi ödəyiciləri müvafiq meyarlar nəzərə alınmaqla risk qrupları üzrə təsnifləşdirilib.
Belə ki, cari ilin ötən dövrü ərzində borclu vergi ödəyicilərinin bank hesablarına qoyulmuş sərəncamlar nəticəsində 31,1 milyon manat məbləğində, əmlakın siyahıya alınması barədə açılmış qərarların icrası nəticəsində 60,3 milyon manat məbləğində və vergi ödəyicisinin borcunun təsisçisi olduğu hüquqi şəxsdəki payına yönəldilməsi nəticəsində 1,6 milyon manat məbləğində borc dövlət büdcəsinə ödənilib.
Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin Bələdiyyələrlə iş şöbəsinin rəisi Şükür Əhmədov Vergilər Nazirliyi tərəfindən 2014-cü ildə yerli (bələdiyyə) vergi və ödənişlərin elektron uçotunun tətbiqi üzrə Pilot layihənin həyata keçirilməsi sahəsində görülən işlər barədə məlumat verib.