Sığorta şəhadətnaməsi olmayanları 10 manatdan 200 manatadək cərimə gözləyir
Milli Məclisin bu gün «Yol hərəkəti haqqında» qanuna etdiyi dəyişikliklərdən biri icbari sığorta növlərindən olan sərnişinlərin fərdi qəza sığortasının tətbiqi təcrübəsini yaxşılaşdırmağa yönəlib. Avtosfer.az xəbər verir ki, qanuna edilən dəyişikliyə əsasən, şəhərdaxili və ya qəsəbədaxili daşımalarda istifadə olunanlar istisna olmaqla sərnişinlərin fərdi qəza sığortasının həyata keçirilməsini təsdiq edən icbari sığorta şəhadətnaməsi olmayan avtomobillər (yəni avtobuslar, mikroavtobuslar və taksilər) yol hərəkətində iştiraka buraxılmır, həmin nəqliyyat vasitələri belə sığorta olmadan dövlət qeydiyyatına alına bilməz, habelə dövri texniki baxışdan keçirilə bilməz. Bu səbəbdən şəhərlərarası və beynəlxalq daşımalarda istifadə olunan avtobus, mikroavtobus və taksi sahibləri sərnişinlərin icbari fərdi qəza sığortasını həyata keçirməli, onların sürücüləri isə digər sənədlərlə yanaşı, belə sığorta barədə şəhadətnaməni də özləri ilə gəzdirməlidirlər.
Belə sığorta şəhadətnaməsi olmadan şəhərlərarası və beynəlxalq sərnişin daşımalarını həyata keçirən avtobusların, mikroavtobusların və taksilərin sürücüləri İnzibati Xətalar Məcəlləsinin 253-1.1-ci maddəsinə əsasən 10 manat, onları sığorta etdirməli olan vəzifəli şəxslər 60-80 manat, hüquqi şəxslər isə 150-200 manat cərimə edilirlər.