31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə əlaqədar Bakıda ictimai nəqliyyat gücləndirilmiş iş rejimində işləyəcək.
AzNews.az anspress-ə istinadən xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov deyib. Onun sözlərinə görə, paytaxt daxili sərnişin avtobusları 30 və 31 dekabrda güclənmiş iş rejimində çalışacaq. Onun sözlərinə görə, dekabrın bayram günü avtobuslar saat gecə 1-ə qədər işləyəcək.
“Bizim tərəfimizdən hər il bayram axşamı sərnişinlərin rahatlığını təmin etmək məqsədilə avtobusların işləmə vaxtı uzadılır. Bununla bağlı avtobus sahibkarlarına da xəbərdarlıq edilib. Əgər dövlət əhəmiyyətli tədbir keçirilərsə, mümkündür ki, dekabrın 31-də sərnişin avtobuslarını işləmə vaxtı bir az da uzadılsın. Avtobuslarda gedişhaqqıların süni şəkildə qaldırılmasının qarşısını almaq üçün müfəttişlərimiz də gecə reydləri keçirəcəklər. Əgər sərnişinlər belə hadisə ilə rastlaşarlarsa, bizə xəbər verə bilərlər”, - deyə Əmrah Cəfərov bildirib.
Yeni il gecəsi Bakı Metropolitenində də gücləndirilmiş iş rejimində çalışacaqlar. Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hər il olduğu kimi bu il də dekabrın 31-də qatarlar adi günlərdən fərqli olaraq 1 saat çox işləyəcək.
“Bakı metrosunda əvvəllər də belə praktika mövcuddur. Dekabrın 31-də metroda iş rejimi 1 saat gec bitir. Əgər dövlət əhəmiyyətli şənliklər və tədbirlər olarsa, mümkündür ki, metro daha çox işləsin”, - deyə Nəsimi Paşayev bildirib.
Bakı Beynəlxalq Avtovağzalında da bayram gücləri gücləndirilmiş iş rejimində çalışacaq. Avtovağzalın növbə rəisi Məhəmməd Abdullayevin verdiyi məlumata görə, avtovağzal dekabrın 28-dən yanvarın 6-a qədər gücləndirilmiş iş rejimində çalışacaq. Sərnişin sıxlığını nəzərə alaraq, 200-ə qədər əlavə avtobus xəttə buraxılacaq.
“Əgər adi günlərdə 6-7 min sərnişin vardısa, bayram günlərində onların sayı 14-15 min olacaq. Ona görə də, hər bir istiqamətə əlavə avtobuslar çıxarılacaq”. Adi günlərdə xəttə 300-350 avtobus buraxıldığı halda, bayram günlərində onların sayı 650-700-ə çatdırılacaq, - deyə M.Abdullayev bildirib.
Avtobusların biletlərinin satışı da 10 gün qabaqcadan həyata keçirilir. Bayram günləri biletlərin qiymətinin süni şəkildə artırılmamasına nəzarəti isə Beynəlxalq Avtovağzalda yaradılan “Qiymət Komissiyası” həyata keçirəcək. Əgər hansısa sürücü biletsiz sərnişini avtobusa mindirərsə, həmin sürücü və avtobus xətdən kənarlaşdırılacaq.
Azərbaycan Dəmir Yolları qapalı səhmdar cəmiyyəti də bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək. Cəmiyyətin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun szölərinə görə, ölkədaxili ən çox sərnişin sıxlığı qərb istiqamətində müşahidə olunur.
Belə ki, dekabrın 29-u, 30-u və yanvarın 2-si və 3-də daha çox sərnişin sıxlığı olan istiqamətlərdə əlavə Bakı-Böyük Kəsik və Bakı-Mingəçevir qatarları xəttə buraxılacaq. Bundan başqa, Gürcüstan istiqamətində də sərnişin sıxlığı müşahidə edilir. Nadir Əzməmmədov deyir ki, ötən illərdən fərqli olaraq, bu il Gürcüstan istiqamətində Turist qatarı relsə buraxılacaq.