“Qafqazinfo” xəbər verir ki, Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir ki, qanunsuz hərəkətlərin qarşısı alınarkən rayon İcra Hakimiyyətinin başçısı, başçının müavini, həmçinin həmin ərazidə ictimai asayişi mühafizə funksiyalarını həyata keçirən 5 polis əməkdaşı və 1 nəfər sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb, habelə polisə məxsus 3 xidməti avtomobilin şüşələri sındırılıb.
Xəsarət alanlardan İcra Hakimiyyətinin başçısı və onun müavini, 1 polis əməkdaşı və 1 vətəndaş 3 saylı Şəhər xəstəxanasına yerləşdiriliblər.
Gəncə Şəhər Prokurorluğu və Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən dərhal hadisə yerinə baxış keçirilib, xəsarət almış şəxslərin dairəsi müəyyən olunub və digər ilkin zəruri prosessual hərəkətlər aparılıb.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 315.1-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət göstərmə və ya belə zor tətbiq etmə hədəsi ilə hədələmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq qrupu yaradılıb, müvafiq ekspertizalar təyin edilib və digər istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Səmədov Aqil Arif oğlu və Nağıyev Ərşad Elbəyi oğlu saxlanılıblar.
Hazırda iş üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.