Bunu Trend-ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
N.Paşayev qeyd edib ki, təhlükəsizlik qaydalarına əməl etməyən sərnişinlər həm öz həyatlarını təhlükəyə atır, həm də Metropolitenin işinə maneçilik yaradırlar.
Onun sözlərinə görə, dəfələrlə olub ki, sərnişinlər diqqətsizlik və səhlənkarlıqları ucbatından təhlükəsizlik xəttini keçdikləri üçün ya qatarla toqquşub, ya da relslərin üzərinə düşüblər. Onların arasında xəsarət alanlar da olub: “Məsələn, elə dünən axşam saat 18:32 radələrində 1997-ci il təvəlldülü Hüseynov İbrahim Zöhrab oğlu “28 May” stansiyasında başını aşağı salıb əlindəki mobil telefonla məşğul olarkən fikri yayınıb və təhlükəsizlik xəttindən irəli çıxıb. Nəticədə onun başı Dərnəgül-Həzi Aslanov isiqamətində hərəkət edən qatarın arxa vaqonun güzgüsünə dəyib. Sərnişin aldığı xəsarətdən huşunu itirib və dərhal hadisə yerinə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri çağırılıb”.
N.Paşayev qeyd edib ki, digər oxşar fakt ötən ay “Koroğlu” stansiyasında baş verib: “O zaman da qatarın güzgüsü qulağında qulaqcıq olan sərnişinlərdən birinin başına dəymişdi. Adam özü heç nə hiss etməyib. Metrodan çıxanda kənardakılar ona deyiblər ki, başından qan axır. Metronun işçiləri artıq adam sərrafı olublar. Onlardan biri görüb ki, bir nəfər qulağında qulaqcıq fikirli-fikirli gedir. Hiss edib ki, həmin adam yıxılaraq relslərin üstünə düşəcək. Relsin üzərinə düşən anda qolundan tutaraq kənara çəkib”.
Metropoliten rəsmisi bidirib ki, bütün bu faktlar Bakı Metropoliteninin nəzarət-müşahidə kameraları tərəfindən qeyd alınıb.
Onun sözlərinə görə, bundan əlavə, xəsarət almalarına baxmayaraq, qatarın güzgüsünü sındırdıqlarına görə, eləcə də diqqətsizliyi və ya ehtiyatsızlığı ucbatından metroda dövlət mülkiyyətinə ziyan vuran şəxslər barəsində inzibati protokol tərtib edilir: “Bəzən diqqətsizlikdən metronun girişindəki şüşə qapılara çırpılan, hətta onları sındıran şəxslər də olub. Digər faktı da deyim. Bir neçə gün əvvəl sərnişinlərdən biri “Elmlər Akademiyası” stansiyasında təcili saxlama açarını burub eskalatoru saxlamışdı. Sonra da metropolitendən şikayət edirlər ki, eskalator dayanıb. Halbuki bu, sərnişinin ucbatından baş verib. Bir neçə gün əvvəl yenə həmin stansiyada eskalator dayanmışdı. Məlum oldu ki, heç bir nasazlıq yoxdur. Sadəcə bir neçə sərnişin eskalatorun üstündə hoppanıb-düşüb, eskalator da qəzaya qarşı proqramlaşdırıldığı üçün avtomatik olaraq kilidlənərək dayanıb. Bəzən də sərnişinlər qatarda olanda vaqonun qapılarını aralayaraq oynayırlar. Onlar bilməlidirlər ki, belə hərəkətlər sərnişinlərin özləri və ətrafdakı insanların həyatı üçün ciddi təhlükə yaradır”.