M.Qarakişiyev ABŞ-ın sabiq prezidenti Bill Klintonun fəxri rəhbəri olduğu "Varkey GEMS" Fondu tərəfindən təsis olunmuş "Dünya Müəllimi Mükafatı"nın ( Global Teacher Prize) 50 finalçısı arasında yer alıb. "Varkey GEMS" Fondunun yaydığı açıqlamada (www.globalteacherprize.org) bildirilir ki, mükafat fondu 1000000 ABŞ dolları olan və dünya təhsil ictimaiyyətində "məktəb müəllimləri üçün Nobel mükafatı" kimi qiymətləndirilən müsabiqənin ilkin mərhələsində dünyanın 150-dən artıq ölkəsindən 5000 müəllim iştirak edib. Müsabiqəyə ABŞ, Böyük Britaniya, İtaliya, Keniya, Uqanda, Hindistan, Əfqanıstan, Avstraliya, Argentina, Meksika, İordaniya və digər ölkələrdən olan müəllimlər qatılıblar. Növbəti mərhələyə onlardan 1300-ü keçib. Final mərhələyə isə Məhəmməd Qarakişiyev də daxil olmaqla 50 müəllim çıxıb. 50 finalçı bütövlükdə 26 ölkəni təmsil edir
Qeyd edək ki, müsabiqənin qalibi 2015-ci il martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində elan olunacaq. Növbəti mərhələdə 50 namizəd arasından 10 nəfər seçiləcək və onlardan bir nəfər 1000.000 ABŞ dolları həcmində "Dünya Müəllimi Mükafatı"nı alacaq.