Bəzi sürücülər avtomobili müvafiq sənədlər olmadan idarə edirlər. Bir qismində sənəd həqiqətən yoxdursa, bəziləri sadəcə onları unudurlar. Amma sənədləri haradasa unutmaq sürücünü bütün hallarda inzibati məsuliyyətdən azad etmir. Avtosfer.az xəbər verir ki, əgər sürücünün bütün sənədləri varsa və təsadüfən evdə unudubsa, 3 saat ərzində sənədləri tapıb onun saxlayan yol polisi inspektoruna təqdim etməlidir. Təcrübə göstərir ki, yol polisi əməkdaşları sənədsiz sürücüləri aşkarladıqda avtomobil cərimə meydançasına aparılır. Əksər sürücülər isə buna qətiyyətlə etiraz edərək «qanunda yazılıb ki, sürücü sənədləri 3 saat ərzində tapıb gətirənə kimi yol polisi gözləməlidir, maşını cərimə meydançasına aparmaq olmaz» deyirlər. Əslində burada incə bir məqam var. DYP əməkdaşı bütün iş-gücünü atıb bir sürücüyə 3 saat vaxt sərf etmək istəmir. Bu problemdən can qurtarmaq üçün DYP əməkdaşları sənədsiz sürücünün avtomobilini yaxınlıqdakı stasionar posta, DYP orqanının yerləşdiyi yerə, başqa təhlükəsiz bir yerə, o cümlədən mühafizə olunan duracağa aparırlar. Düzdür, İnzibati Xətalar Məcəlləsində bununla bağlı “DYP əməkdaşının yanında saxlanılır” ifadəsi işlədilir, lakin bu ifadənin detalları açılmır. Hər bir halda bu ifadə nəqliyyat vasitəsinin yol hərəkətindən kənarlaşdırılaraq mühafizə olunan duracağa yerləşdirilməsi demək deyil. Ona görə də DYP əməkdaşı sənədini unudan sürücünün avtomobili və özü barədə 3 saat müddətində heç bir sənəd tərtib etməməlidir.
3 saat ərzində sürücü sənədlərini gətirə bilməsə, buna uyğun sənədləşmə və inzibati məsuliyyətə cəlb etmə həyata keçiriləcəkdir. Amma sürücü bütün sənədlərini gətirə bilsə də, onun İnzibati Xətalar Məcəlləsinin 152.1-ci maddəsi üzrə məsuliyyətə cəlb olunması qaçılmaz olacaq. Həmin madə avtomobilə sahiblik hüququnu təsdiq edən sənəd (məhz sənəd) olmadan onun idarə olunmasına görə cərimə nəzərdə tutur. Bunun cəriməsi 40 manatdır. Amma şəxsin sürücülük vəsiqəsi evdə unudularsa, buna görə heç bir cərimə nəzərdə tutulmur və vəsiqə təqdim edildikdən sonra onun hərəkətinə icazə veriləcəkdir. Sürücülük vəsiqəsinin olmadığı müəyyən olunduqda isə şəxs birinci dəfə 100, il ərzində ikinci dəfə isə 200 manat cərimə olunur. Hörmətli sürücülər, ona görə də elə bilməyin ki, sənədlər yadınızdan çıxıb haradasa qalırsa və siz onları 3 saat ərzində gətirərək DYP əməkdaşına təqdim edirsinizsə, məsuliyytdən azadsınız. Xeyr! Bu, tam belə deyil. Sürücünün borcudur ki, avtomobilə və özünə aid sənədləri özündə saxlasın.
Əslində, bəzi ölkələrdə artıq sürücülər maşında və ya ciblərində sənəd gəzdirmirlər. Çünki bütün proseslər elektron formada həyata keçirilir. DYP əməkdaşı sürücünü saxladıqda bort-komputerdə yoxlaya bilir ki, bu avtomobil həmin sürücüyə məxsusdurmu, onun sürücülük vəsiqəsi varmı. Bu zaman sadəcə şəxsiyyəti təsdiq edən hər hansı sənədin olması yetərlidir.
Azərbaycanda hələ ki, bu qayda tətbiq olunmasa da, yol-patrul xidməti avtomobillərindəki bort-komputer vasitəsilə avtomobil və onu idarə edən şəxs barəsində bütün məlumatları əldə etmək mümkündür. Tezliklə bu qaydanın bizdə də tətbiqinə keçmək lazımdır.
İnanırıq ki, Milli Məclis bu məsələ ilə bağlı hansısa addım atacaq. Çünki bu iş DYP-nin sədahiyyətinə aid olan məsələ deyil. Yəni, DYP qanunu öz istədiyi kimi təfsir edə bilməz.