Dekabrın 5-də gecə saatlarında Bakıda keçirilən reyd zamanı psixotrop maddənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb. Avtosfer.az-ın məlumatına görə, «BMW» markalı, 10 MK 530 dövlət nömrə nişanlı avtomobilin sürücüsü özünü yol polislərinə təqdim etməyib, üstəlik, sənəd də verməyib. Lakin DYP əməkdaşları onu saxlayan kimi, «içkilisənmi» sualına səmimi cavab verib: «İçkili deyiləm,araq içməmişəm, «Lirika» içmişəm, bir az hallıyam». Sonradan məlum olub ki, bu sürücü psixotrop maddənin təsiri altındadır və avtomobili təhlükəli vəziyyətdə idarə edirmiş.
Həmin sürücünü saxlayan yol polisi inspektorunun dediyinə görə, avtomobilin yolda sağa-sola getdiyini, bardürlərə dəyib qayıtdığını gördükləri üçün onu saxlatdırıblar. Sürücü hər şeyi etiraf etdikdən sonra onu DYP avtomobilinə mindirib tibbi müayinəyə apararıblar. Avtomobil isə cərimə meydançasına qoyulub. Bununla da yol polisi hansısa bədbəxt hadisənin qarşısını almış oldu...