"Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi martın 12-nə təyin edilib. Sabah Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçiriləcək məhkəmə prosesdə Ə. Zeynallıya hökm oxunması gözlənilir.
Qeyd edək ki, ötən proses zamanı hakimlər hökmü elan etmək üçün müşavirəyə yollanıblar. Məhkəmədə prosesin qeyr-müəyyən vaxtadək təxirə salındığı elan olunub.
Eyni zamanda martın 11-də Əvəz Zeynallının azadlığa buraxılması üçün 300 nəfər ictimai-siyasi xadim prezidentə müraciət edib. Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsdən azad edilməsi və hüquqlarının bərpası çağırışı ilə prezident İlham Əliyevə ünvanlanmış müraciətlə bağlı başlanan imza toplanışının yekunları açıqlanıb.
Bugün keçirilən mətbuat konfransında RATİ-nin rəhbəri Emin Hüseynov bildirdi ki, ötən 16 ay göstərdi ki, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəməsi tam olaraq siyasi sifariş əsasında həyata keçirilib: "Məhkəmə prosesinin getdiyi 11 ay müddətində cəmiyyət başa düşə bilmədi ki, sabiq deputat Gülər Əhmədova Əvəz Zeynallının işində şikayətçi, yoxsa zərəçəkmiş qismində iştirak edib. Biz məhkəmədən ədalətli qərar gözləməyimiz gülünc olardı. Biz məhkəmə prosesinin bu cür gedəcəyini əvvəlcədən bildiyimiz üçün vətəndaş cəmiyyətinin adından Prezident İlham Əliyevə müraciət ünvanladıq. Bu müraciətə 300 nəfərə yaxın ictimai-siyasi xadim, hüquq müdafiəçiləri imza atıblar. Biz çox yaxşı bilirik ki, Ə.Zeynallının azad olunması yalnız prezidentin siyasi idarəsindən asılıdır. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sifarişilə həbs olunmuş Əvəz Zeynallının üzərindən saxta ittihamların götürülərək, azad olunmasını yalnız prezident səlahiyyətlərindən istifadə edərək, təmin edə bilər. Prezident bu addımı atmaqla bütün bu qanunsuzluqlara son qoya, Ə.Zeynallı haqqında qaldırılmış saxta ittihamların ləğv olunaraq, onun bəraətlə azad olunmasında siyasi iradə nümayiş etdirə bilər. Məlumdur ki, baş redaktoru rüşvət almaqda ittiham edən Gülər Əhmədovanın özünün adı rüşvət və korrupsiya qalmaqalında hallanır və o hazırda Cinayət Məcəlləsinin 178-ci maddəsilə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunub. Ə.Zeynallı haqqında Bakı Ağır Cinayətlər Məhkəməsi hökm oxumalıdır. Nə qədər ki, gec deyil, saxta ittihamlarla həbs olunan baş redaktorun həbsdən azad olunması üçün ədalətli qərar çıxarılmalıdır”.