Sarısu Ovçuluq Təsərrüfatı ərazisində keçirilmiş reyd zamanı qanunsuz ov edən Saatlı rayonunun Hacıqasımlı kənd sakini Elməddin Şirinovdan 1 ov tüfəngi və 10 ördək götürülüb. Təqsirkar şəxs barəsində akt və protokol tərtib edilərək 1050 manat məbləğində cərimə və iddia tətbiq olunub.
Yevlax rayonunun Meyvəli qəsəbəsi ərazisində isə qanunsuz naməlum şəxs saxlanılıb. Faktla bağlı qanuna müvafiq qaydada akt tərtib edilərək həmin şəxsdən 1 ov tüfəngi, 10 patron götürülüb. Sənəd təqdim etməyən qanun pozucusunun şəxsiyyətinin müəyyən edilməsi və barəsində qanunvericiliyə uyğun tədbir görülməsi üçün aidiyyəti rayon polis şöbəsinə müraciət edilib.
Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində isə Tərtər şəhər sakini Kamil Nəcəfov və Ağdam rayonunun Quzanlı kənd sakini Ramiz Əsgərov saxlanılıb. Onlardan 1 ov tüfəngi, 3 patron və 3 ədəd ovlanmış qırqovul götürülüb. Akt və protokol tərtib olunaraq təqsirkar şəxslər barəsində ümumilikdə 2066 manat məbləğində cərimə və iddia tətbiq edilib.
Reydlər davam etdirilir.