Partiyanın mətbuat xidmətindəbn “Qafqazinfo”ya daxil olan məlumata görə, martın 10-da gənclərin keşirdiyi aksiyaya, bu aksiyanın təşkili ilə əlaqədar həyata keçirilən həbslərə münasibət bildirən İdarə Heyəti bəyanat qəbul edib. Bəyanatda deyilir: “ADP kütləvi aksiya keçirəcəklərini bəyan etmiş Nida gənclər hərəkatının fəallarının həbsini siyasi motivli həbs kimi dəyərləndirir və qanunsuz olaraq həbs edilmiş vətəndaşlara qarşı istintaq prosesində zorakılıq edilməsini qətiyyətlə pisləyir. ADP hesab edir ki, naməlum şəraitdə alınmış videogörüntü şəklindəki ifadələrin televiziyalarda yayılması və məhkəmə olmadan gənclərin cinayətkar adlandırılması konstitusiya və qanunların kobud şəkildə pozulmasıdır.
Partiyanın İdarə Heyəti həbs edilmiş gənclərin dərhal azadlığa buraxılmasını, fəal və vətənpərvər gənclərə qarşı aparılan biabırçı siyasi repressiya kompaniyasının dayandırılmasını tələb edir. Partiya həmçinin beynəlxalq təşkilatları, hüquq müdafiəçilərini həbs edilmiş gəncləri fəal müdafiə etməyə çağırıb.”
Toplantıda 10 mart aksiyası yüksək qiymətləndirilib, aktual sosial tələblərlə təşkil edilmiş dinc mitinqin zərurət olmadan aşırı güc tətbiq edilməklə, xüsusi zorakılıqla dağıdılması və çoxsaylı iştirakçıların həbs olunmasının yolverilməz olduğu qeyd edilib.
İdarə Heyəti siyasi partiyaların gənc nümayəndələri ilə seminar keçirən ATƏT-in Bakı ofisinin AF hotelindəki tədbirə polis tərəfindən xüsusi kobudluqla müdaxilə edilməsini və bu tədbirdə iştirakçı olan ADP-çi fəallar Cəmil Hacıyev və Şəhla Hacıyeva da daxil olmaqla bir qrup vətəndaşın həbs olunaraq polis idarələrinə aparılmasını polisin siyasi partiyaların fəaliyyətinə müdaxiləsi və kobud konstitusiya pozuntusu kimi qiymətləndirib, bu faktın ölkəmizin beynəlxalq nüfuzuna zərbə vuracağını qeyd edib.
İdarə Heyəti prezident aparatı şöbə müdiri Əli Həsənovun ATƏT-in Minsk qrupuna Avropa Birliyinin nümayəndəsinin daxil edilməsi təklifini yüksək qiymətləndirib, bu ideyanın bir müddət əvvəl məhz ADP İdarə Heyətində səsləndirildiyini diqqətə çatdırmaqla yanaşı, bundan əlavə Minsk Qrupuna NATO-nun nümayəndəsinin də dəvət edilməsinin ədalətli sülh prosesinə təkan verəcəyi qənaətini bir daha qeyd edib.
Partiya ADP üzvlərinin həbsinə də münasibət bildirib. Dünənki aksiya zamanı həbs edilmiş ADP-nin fəal gənclərindən bir qismi axşam saatlarında azad edilsələr də, Osman Əhmədov və Azər Sadıqov həbsdə saxlanılıb. Ötən gecəni Səbail RPİ-də keçirən gənc fəalları bu gün Səbail rayon məhkəməsində hərəyə 500 manat olmaqla inzibati qaydada cərimə ediblər. Əldə etdiyimiz məlumata görə gənclərə polisə aparılan zaman və idarədə saxlanarkən ciddi işgəncələr tətbiq olunub, onlara qarşı qapalı şəraitdə gözyaşardıcı qazdan istifadə olunub və fiziki zorakılıq edilib. Eyni zamanda saxlandıqları bir sutka ərzində tamailə yaş paltarlarının qurudulmasına və ya dəyişdirilməsinə imkan verilməyib və onlar ac-susuz saxlanılıblar.