İlin əvvəllərindən ölkəmizin yollarında Günəş enerjisi ilə işləyən və işıq saçan nişanlar qoyulmasına başlanıldı. Amma Bakı şəhərinin xeyli küçə və prospektlərində quraşdırılmış belə nişanlar bir neçə gündür ki işləmir, yəni işıq saçmır. Bunun səbəbi yəqin ki, son bir neçə gündə havaların buludlu və yağıntılı keçməsidir.
Amma həmin nişanlarda tətbiq olunan texnologiya elədir ki, gündüz vaxtı havanın sadəcə işıqlı olması Günəş panellərinin enerji ala bilməsi üçün yetərlidir. Hava buludlu, çiskinli olsa da, bu panellər enerjini toplamalı və gecə vaxtı da nişandakı işıqların yanmasını təmin etməlidir. Lakin yollarımızdakı əksər nişanlarda bir neçə gündür ki, işıqlar yoxa çıxıb. Belə vəziyyət həmin nişanların yalnız zay olması ilə bağlı ola bilər. Məsələ burasındadır ki, bu nişanların ölkəmizə gətirilən ilk partiyasında quraşdırılmış bir neçə nişan (məsələn, Bakı-Sumqayıt yolunda Xırdalan qəbiristanlığı yanında qoyulan nişanlar) son günlərin yağışlı və çiskinli havalarında da fasiləsiz işləməkdədir. Deməli, ilk gətirilən nişanlar lazımi keyfiyyətdə olsa da, daha sonralar gətirilərək kütləvi şəkildə tətbiq olunan nişanlar "saxta”dır.
Günəş enerjisi ilə işləyən nişanlar, yəqin ki, adi nişandan 5-10 dəfə baha olar. Özü də bu nişanların dirəyinə başqa nişanların bərkidilməsi mümkünsüzdür ki, bu da yolların nişanlarla təchizatında əlavə problem yaradır. Bu nişanlarda "Yol hərəkəti haqqında” Qanunla təsdiq olunmuş rəng tərtibatı da pozulub. Belə olduğu halda, həmçinin yollarımızda minlərlə nişanın çatışmadığı bir şəraitdə Günəş enerjili nişanların kütləvi şəkildə tətbiqi suallar doğurur. Bu azmış kimi, həmin nişanların buludlu havada işləməməsi isə başa düşülən deyil. Bütün bunlar isə bir sual doğurur: Həmin nişanlar kimə və nəyə lazımdır? (avtosfer.az)
Məlumat üçün onu da bildirək ki, Bakıda küçə və yollarda yol nişanlarınrın gecələr işıqlandırılmasını Baş Dövlət Yol Polisi İdarəsinin "Siqnal” müəssisəsi həyata keçirir.