Xəbərdə Hacıqabul sakini, 1975-ci il təvəllüdlü, II qrup 20 Yanvar əlili Yalçın Dəmirovun daxmasını uçuraraq qəzalı vəziyyətə salan həmkəndliləri ilə bağlı şikayətinə baxılmadığını bildirib. Şikayətçinin sözlərinə görə, şikayətçi olsa da rayonun polis mayoru Natiq Ağayev onların “lotu” olduqlarını və həmin şəxslərlə bacarmayacağını deyib. Kənd sakini şikayətçi olduğu üçün həmin polis mayorunun tapşırığı ilə psixi problemləri olduğunu isbatlamaq üçün onu Maştağaya gətirdiklərini də demişdi.
DİN-in şöbə rəisi Orxan Mansurzadənin “Qafqazinfo”ya verdiyi açıqlamanı olduğu kimi təqdim edirik:
“20 Yanvar əlili şikayətinə baxılmadığından şikayətçidir”sərlövhəli yazıda Hacıqabul rayonunun Qızılburun kənd sakini Yalçın Dəmirovun şikayətinə baxılmadığı, cari il sentyabrın 4-də döyülməsi barədə iddiaları həqiqətdən uzaqdır, qərəzlidir və bu, baş vermiş hadisənin özünə sərf edən yanlış formada təqdim olunmasıdır.
Araşdırmalarla müəyyən edilmişdir ki, Yalçın Dəmirov 14.09.2014-cü il tarixdə saat 18 radələrində həmkəndlisi Ruslan Babayev ilə şəxsi münasibətlər zəminində mübahisə edib dalaşmış, yumruq və təpiklə vuraraq ona qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Həmin faktla əlaqədar toplanmış materiallara əsasən, Hacıqabul rayon prokurorluğu tərəfindən CM-nin 128-ci maddəsi ilə başlanılmış, istintaqın aparılması RPŞ-yə həvalə olunmuşdur.
Yuxarıda göstərilən cinayət əməlini törətdiyinə görə Y.Dəmirov 30.10.2014-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Lakin bu şəxs qətimkan tədbirinin şərtlərini pozduğu üçün 05.11.2014-cü il tarixdə barəsində axtarış elan edilərək tutulması haqqında qərar qəbul edilmiş və o, polis əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim edilmişdir. Beləliklə, Y.Dəmirovun CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, zərərçəkmiş şəxsin və şahid ifadələri, həmçinin, ekspert rəyləri, cinayət işində olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Cinayət işinin istinaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərirlmişdir.
Şikayətçinin anasının və uşaqlarının gözü qarşısında onu döydüklərini iddia etdiyi Tural və Toğrul Məmmədov qardaşları isə birincinin digər həmkəndliləri kimi, həmin cinayət işi üzrə şahid qismində dindirilmiş şəxslərdir. Onların hamısı demək olar ki, eyni məzmunda ifadə vermişlər. İndi Yalçın Dəmirov məsuliyyətdən yaxa qurtarmaq məqsədilə sözügedən qardaşlar tərəfindən döyüldüyünü iddia edir. Halbuki hər iki qardaş digər şahidlər kimi dalaşan tərəfləri ayırmağa və sonuncuları sakitləşdirməyə cəhd etmişlər.
Xatırlatmaq yerinə düşər ki, Yalçın Dəmirov Hacıqabul rayon məhkəməsinin 23.12.2010-cu il tarixli hökmü ilə CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 8 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, Milli Məclisinin 07.05.2013-cü il tarixli amnistiya qərarına əsasən, həmin cəzadan azad edilmişdir. O ki qaldı, Y.Dəmirovun psixi durumunun vəziyyətinə, qeyd etmək lazımdır ki, o, Hacıqabul rayon ruhi-əsəb dispanserində qeydiyyatdadır”.