Deməli, belə. Gözlənilən oldu və heç nə dəyişmədi. Siyasətin bir vasitəsi neft həmişəki kimi, iqtisadi maraqların siyasi hədəflər qarşısında geri çəkilməsini təmin etdi.
Neft ixrac edən ölkələrin təşkilatı, kartel və ya OPEK qlobal miqyasda hasilatın azaldılmamasına qərar verdi. Qərarın qəbulunda, yəni OPEK-in inadkarlığında əsas rol Fars Körfəzi ölkələrinə və xüsusilə də Səudiyyə Ərəbistanına məxsusdur.
İranla Venesuela dünya bazarlarında "qara qızıl"ın ucuzlaşmasının qarşısını almaq üçün hasilatı azaltmağa çalışırlar və bununü üçün nə qədər cəhd etsələr də, OPEK onların istəklərini nəzərə almadı.
Kartelin qərarının açıqlanmasından sonra neft qiymətləri daha 5 faiz ucuzlaşaraq rekord vurdu.
Nə etmək lazımdı?
Dünya bazarlarında xam neftin qiyməti yayın ortalarından düşməyə başladı və 1 barrel üçün 110-115 dollardan təqribən 80 dollaradək endi. Özü də WTI və Brent markalı neftlər eyni zamanda ucuzlaşmağa başlasalar da, sonradan "Brent" bir neçə dəfə yuxarı qalxmağa imkan tapmışdı.
Ekspertlərin fikrincə, "qara qızıl"ın qiymətlərini stabilləşdirmək üçün OPEK üzvü olan ölkələr sutkalıq hasilatın həcmini ən azı 1-1,5 milyon barrel azaltmalıydılar.
166-cı görüş
12 dövlətin üzvü olduğu OPEK hazırda dünyada neft hasilatının təqribən 40 faizinə nəzarət edir. Bu da sutkada 40 milyon barrel deməkdir.
Təşkilatın Vyanada keçirilmiş toplantısında hasilatın azaldılacağı və bununda da aşağıya doğru kəllə-mayallaq vurmuş qiymətin stabilləşəcəyi ilə bağlı gözləntilər vardı.
Hər halda OPEK-ə daxil olmayan, amma neft çıxaran və satan ölkələrin gözləntiləri belə idi.
Fəqət Fars Körfəzi ölkələri hasilatın azaldılmasına qarşı çıxdılar. Bu bölgədən olan 6 ölkə OPEK-də səslərin yarısı deməkdir.
Ərəblərin inad etmələrinin də çeşidli səbəbləri var.
Fars Körfəzi ölkələri dünya bazarlarında ABŞ-da hasil olunan şist neftinin həcminin artımında maraqlı deyil. Daha sadə desək, ərəblər amerikalıların bazarda möhkəmlənmələrini istəmirlər və öz paylarını qorumağa çalışırlar. Şist neftinin hasilatının maya dəyərinin "adi qara qızıl"la müqayisədə daha aşağı olduğunu da nəzərə alsaq, Fars Körfəzi ölkələrinin əndişəsi bəlli.
Bundan başqa, hasilat azalarsa, xərclərin tam əksər hissəsi elə qərar qəbul edən ölkələrin payına düşəcək.
Ən nəhayət, neft hasilatı həcmini azaltmaqla səudi ərəblər çoxdankı, əzəli rəqiblərinə - İrana yardım etmək fikrində deyildilər.
Qəmli intihar
OPEK-in neft hasilatının həcmini aşağı salmamaq qərarı həm də bu təşkilatın, neft kartelinin intiharı deməkdir. Kartel dünya bazarlarında xam neft qiymətlərinin dəyişməsinə təsir mexanizmlərini çoxdan itirsə də, sanki, heç nə olmamış kimi davranır, hasilat templəri və həcmlərinin rəqəmləri ilə Qərbə təsir etməyə çalışırdı.
Dövranla bahəm, geosiyasi oyunun şərtləri də dəyişib.
OPEK üzvü olan ölkələrin özlərini belə, kartelin mənafelərindən daha çox öz maraqları düşündürür. Vyanadakı toplantının sonucu da artıq hər dövlətin öz dərdinə çarə tapmaqda müstəqil ola biləcəklərinə işarə idi.
Qlobal bazarlara neft satışlarını tənzimləmək məqsədilə yaradılan OPEK artıq güclü təşkilat təsiri bağışlamır.
Təşkilatın bundan sonra yürüdəcəyi siyasətlə bağlı üzv dövlətlər arasında kəskin fikir ayrılıqları olduğundan OPEK-i məhvə doğru sürətlə irəliləyən qurum da saymaq olar. Qurum daxilindəki zidiyyətlər OPEK-ə olan inamı da heçə endirməkdədir.
ABŞ istədiyinə çatdı
OPEK onillərdir ki, ABŞ üçün arzuolunmaz qurumlardan biridir. Vaşinqton dünya bazarında xam neftin ən böyük alıcılarından biridir. Dünyada ən çox avtomobil olan ölkə də Amerikadır. Özü də amerikalılar böyük, güclü mühərrikli, çox yanacaq işlədən avtomobilləri sevirlər və yanacağın da ucuz olmasına alışıblar.
Bundan yararlanan Fars Körfəzi ölkələri də illər boyu Birləşmiş Ştatlara ən rahat, effektiv təzyiq vasitəsi qismində məhz neftdən yararlanıblar.
Nefti bahalaşdıran kimi ABŞ-da problemlər yaranıb və ərəblər də həmişə istəklərinə çatıblar.
Amerikalılar da məhz neftə görə ərəblərin, xüsusilə də Səudiyyə Ərəbistanının nazı ilə oynamaq məcburiyyətində idilər.
Amma illər keçdikcə vəziyyət dəyişirdi.
ABŞ Səudiyyə Ərəbistanını "ram" etmək üçün bu ölkəyə "güzəştli" adlandırdığı qiymətlərlə, yəni kreditlə silah və hərbi texnika satmağa başladı.
Səudiyyə Ərəbistanı 1980-ci illərdə ABŞ-dan aldığı hərbi texnikanın, ən son model silahların sayını və həcmini dəfələrlə, sürətlə artırdı. Axı silahlar kreditlə idi.
Amerikalıların məqsədi SSRİ-ni çökdürməkdi. O ölkəni ki, gəlirlərinin əksəriyyəti neft satışındandı və əldə etdiyi pullarla da dünya miqyasında ABŞ-a qarşı çıxaraq "çoxqütblü planet" nəzəriyyəsini müdafiə edir, kommunizm ideyalarını yaymağa çalışırdı.
Səudi ərəblərin vasitəsilə amerikalılar əvvəlcə dünya bazarlarında neftin qiymətini ucuzlaşdırdılar və bu minvalla Sovetlər Birliyinin gəlirləriini azaltdılar.
SSRİ çökdü, imperiya dağıldı.
Daha sonra ərəblər ayıldılar və gördülər ki, paho, "ucuz və sərfəli" kreditlərlə silah almaqla iş bitmir. Həmin silahlara, hərbi texnikaya servis, ehtiyat hissələr, sursat gərəkdir. Gərək olanların qiyməti isə ABŞ bir ayda qəflətən 3 dəfə artırdı və beləcə, Səudiyyə Ərəbistanı silah idxalında ABŞ-dan tam asılı vəziyyətə düşdü.
Sonra Küveyt savaşı, İraqın işğalı, İran məsələsi, Livanda müharibə, İsrailin Livana iki dəfə soxulması və ilaxır - belə məqamlar Səudiyyə Ərəbistanın qorxutdu, onu daha çox hərbi texnika almağa və əslində, ABŞ-dan daha çox asılılığa düşməyə vadar etdi.
Ərəblərdən neft alışlarını davam etdirən ABŞ ərazisində şist neftinin hasilatını da artırırdı.
Fars Körfəzi ölkələrindəki neft şeyxləri qızıl unitazlar, bahalı avtomobillər, qızıl suyuna çəkilmiş helikopterlər alaraq pullarını sel kimi səpələməklə məşğul olanda amerikalılar şist neftinin emal müəssisələrinin sayını çoxaldırdılar.
Vaxt çatdı, vədə yetişdi və ərəb şeyxləri adət etdikləri davranış modelinə xilaf çıxmayaraq amerikalılara yenə neft təzyiqi göstərməyə çalışanda tərs şapalaq aldılar.
Onlar ayıldılar və ABŞ-da şist neft hasilatı həcmlərinin on dəfələrlə artdığını gördülər.
Lakin nə olsun - artıq gecdir.
Birləşmiş Ştatlar indi şist neftini düyna bazarına çıxarır və satır.
Nə olacaq?
OPEK-in yeni toplantısı gələn ilin iyunun 5-də olacaq. Dövlət büdcəsinin gəlir hissəsi əsasən neft satışlarından əldə edilən pullara hesablanmış ölkələr yenə ümid edirlər.
Ümidlər puç ola bilər.
Mütəxəssislər hesab edirlər ki, dünya bazarlarında şist neftinin bumu 2040-cı ilədək davam edəcək. Üstəlik, elektriklə çalışan avtomobillərin sayı artır və bu, neftin bahalaşması təxminlərini bir qədər də zəiflədir.
Rusiya, İran və Venesula kimi ölkələr ABŞ-dakı maliyyə geriləməsi, iqtisadi çətinliklər və ən başlıcası, amerikalıların iqtisadiyyatının neftə olan çox böyük tələbatından yararlanaraq Vaşinqtona meydan oxuyur, antiamerikanizmə köklənmiş siyasəti radikallaşdırırdılar.
İndisə belə ölkələr ambisiyalarını dəfn etməli olacaqlar. Çünki neft yaxın illərdə bahalanan deyil və belə təmayüllər olsa belə, Birləşmiş Ştatlar indiki vəziyyətin dəyişməməsi üçün əlindən gələni edəcək.
Qiymətlər bundan sonra nə qədər ucuz qalarsa, ifrat ambisiyalı dövlətlərin manevr imkanları bir o qədər azalacaq.
Yəni Rusiya, Liviya, Venesuela kimi ölkələr qonşu ölkələri təhdid etməklə, onları hədələməklə məşğul ola bilməyəcəklər.
İranın nüvə proqramından əl çəkməsini, Rusiyanın ilhaq və avantürizm siyasətini dayandırmasını istəyən Qərb indiki prosesləri sakitcə davam etdirəcək, təzyiqləri dayandırmayacaq, sonucda neftin ucuz qiymətləri nəzərdə tutulan nəticəni verəcək.
Gəlirlərinin böyük qismi neft satışlarından əldə olunan pullara hesablanmış ölkələr isə daha da ağır vəziyyətə düşmək istəmirlərsə, iqtisadiyyatın qeyri-neft sektorunu inkişaf etdirməlidir. Yəni belə ölkələr neft çıxarmaq və pulları ən müxtəlif absurd layihələrə sərf etməkdən başqa da işlərlə məşğul olmalıdır.
Dünyada yeni mərhələ başlanıb.
"Neft dəyənəyi" adlanan təzyiq vasitəsi artıq işlək deyil.
Bəs Azərbaycan?
Azərbaycana gəldikdə isə, neftin ucuzlaşması bizə çox ağır zərbə olmayacaq. Təbii, "qara qızıl"ın satışlarından əldə olunan pulların həcmi azalacaq, gəlirlər aşağı düşəcək. Amma ölkədə qiymətli kağızlar bazarı olmadığından, Azərbaycan şirkətləri transmilli maliyyə əməliyyatları müstəvisində aktiv "oyunçu"lar sayılmadığından və investisiyaların da böyük qismi diversifikasiya edilmədiyindən ölkədə kəskin qiymət artımı gözlənilmir. Neft Fondunun əldə edəcəyi pullar azalacaq, şübhəsiz.
Bu səbəbdən də gələn pulların xərclənməsinə nəzarət daha da gücləndirilməlidir.