Bu barədə noyabrın 28-də nazirlikdə beynəlxalq tədbirlərdə iştirak və təcrübə mübadiləsi sahəsində görülən cari işlərə dair növbəti “Məlumat mübadiləsi saatı”nın iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
Nazir BMT, Avropa İttifaqı, Beynəlxalq Əmək Təşkilatı, Dünya Bankı və digər beynəlxalq qurumlarla, ayrı-ayrı ölkələrin müvafiq təşkilatları ilə uğurla davam etdirilən əməkdaşlığın xüsusi önəm kəsb etdiyini vurğulayıb.
S.Müslümov beynəlxalq əməkdaşlıq əlaqələrinin davamı olaraq, bu ay ərzində də nazirliyin əməkdaşlarının bir sıra beynəlxalq tədbirlərdə iştirak etdiyini diqqətə çatdırıb. Nazirliyin nümayəndələri Türkiyəyə səfər edərək, qardaş ölkənin sosial xidmətlər sahəsində təcrübəsi ilə yaxından tanış olub, fəal təcrübə mübadiləsi aparıblar. Eyni zamanda UNİCEF-in Belarusun Minsk şəhərində keçirilən regional konfransında milli uşaq müdafiə sistemlərinin gücləndirilməsi ilə bağlı aparılan müzakirələrdə nümayəndə heyətimiz fəal iştirak edib. Həmin konfransda Azərbaycanda dövlət uşaq siyasətinin inkişafı sahəsində həyata keçirilən uğurlu islahatlar barədə dolğun məlumatlar verilib və ölkəmizin bu sahədə nailiyyətləri müsbət ölkə təcrübəsi kimi yüksək dəyərləndirilib.
S.Müslümov nazirliyin nümayəndələrinin həmçinin sosial müdafiənin təmin olunmasında iqtisadi və sosial şuraların, sosial dialoqun rolu mövzusunda Seulda, ixtisas seçiminin inkişafı məsələləri ilə əlaqədar Moskvada keçirilən beynəlxalq səviyyəli tədbirlərdə də ölkəmizi təmsil etdiklərini bildirib.
İclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev, nazirliyin Aparatının Məşğulluq siyasəti və əmək bazarının tənzimlənməsi şöbəsinin müdiri Vahab Məmmədov, Sosial təminat siyasəti şöbəsinin müdir müavini Fuad Hüseynov cari ilin noyabr ayı ərzində Türkiyə, Belarus, Cənubi Koreya və Rusiyaya səfərlərinin nəticələri, həyata keçirilən təcrübə və məlumat mübadilələri, iştirak etdikləri beynəlxalq tədbirlər, həmin tədbirlərdə aparılan müzakirələr və s. barədə ətraflı məlumatlar veriblər.
İclas təqdim edilən məlumatlar üzrə müzakirələrlə davam edib.