Müsabiqənin məqsədi Qaradağ rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.
Müsabiqədə ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentlikləri) fasiləsiz çalışan şəxslər iştirak edə bilərlər. Təqdim edilən yazıların sərlövhələri təklif olunmuş mövzularla eyni olmalıdır.
Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları yalnız çalışdıqları mətbuat orqanlarında dərc edilməlidir, informasiya agentliklərində çalışan jurnalistlərin yazıları isə son 1 ildə, həftədə 1 dəfədən az olmayaraq nəşr edilən qəzetlərdə çap olunmalıdır. Yazılar Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı” ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir. Qəzetdə dərc olunmuş yazıda “Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.
Yazılar noyabrın 25-dən dekabrın 25-dək qəbul olunacaq.
Qiymətləndirmə zamanı mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma, materialın oxucu üçün informasiyalılıq səviyyəsi, yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi, jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti, eləcə də ictimai maraqların müdafiəsi kimi meyarlar əsas götürüləcək.
Müsabiqənin mükafat məbləği I yer üçün 1000 manat, II yer (2 nəfər) üçün 800 manat, III yer (3 nəfər) üçün 600 manat, həvəsləndirici mükafat isə 200 manat müəyyənləşdirilib.
Qaliblər, həmçinin Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.
Daha ətraflı məlumat almaq istəyənlər KİVDF-nin rəsmi saytına (www.kivdf.gov.az) müraciət edə bilərlər.