Vüqar Bayramov: “Avropada benzinin ucuzlaşması Azərbaycanda da benzinin qiymətinə təsir edəcək”
Dünya bazarında neftin qiymətinin aşağı düşməsi bir çox ölkələrdə benzinin də ucuzlaşmasına səbəb olub. Artıq Avropa ölkələrində benzinin satışında ucuzlaşma müşahidə olunur. Bəs görəsən, bu durum Azərbaycanda da benzinin qiymətinə təsir edəcəkmi? Adətən ölkəmizdə neftin qiyməti artan kimi benzinin də qiyməti artır. Bəs neftin ucuzlaşması bazarda necə əksini tapacaq? İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, yaxın günlərdə benzinin ucuzlaşması qaçılmazdır: “Benzinin qiyməti ilə neftin qiyməti arasında birbaşa əlaqə var. Nəzərə alsaq ki, neftin qiyməti ucuzlaşdıqdan sonra benzinin istehsal xərcləri də azalır. Bu səbəbdən benzinin satış qiyməti də təbii olaraq ucuzlaşır. Biz Avropa bazarına baxsaq, orada da benzinin qiymətində ucuzlaşmalar yeni-yeni müşahidə edilməyə başlayıb. Artıq bu həftədən başlayaraq Avropa ölkələrində benzin daha ucuz təklif olunur. Bundan çıxış edərək demək olar ki, Avropada benzinin qiymətində azalmalar olduğu üçün Azərbaycanda da benzinin qiymətində ucuzlaşma olacaq. Ancaq neftin ucuzlaşması və bunun benzinin qiymətində əksini tapması arasındakı zaman fərqinin səbəbi isə odur ki, benzin istehsal edən zavodların müəyyən müddət üçün ehtiyatları olur. Onlar bu ehtiyat bazanı neftin baha olduğu dövrdə alıblar. Çünki istehsalın fasiləsizliyini təmin etmək üçün zavod məcburdur ki, müəyyən ehtiyata malik olsun. Ancaq zavod nefti ucuz alarsa o zaman benzini də daha ucuz qiymətə bazara çıxardacaq. Yaxın günlərdə “Premium Avro-95” və Ai-98 markalı benzinin qiymətlərində azalmalar olmalıdır. Çünki Avropada bu həftədən başlayaraq benzinin qiyməti aşağı düşməkdədir. Nəzərə alsaq ki, Azərbaycan benzini Mərkəzi və Şərqi Avropadan idxal edir, həmin ölkələrdə benzinin ucuzlaşması Azərbaycanda da birmənalı şəkildə ucuzlaşmaya səbəb olacaq. Bu baxımdan Aİ 92 markalı benzinin qiyməti isə dövlət tərəfindən tənzimləndiyi üçün hər hansı ucuzlaşma olmayacaq”.
Adətən, benzin bahalaşan kimi, bir çox işbazlar bundan psixoloji amil kimi istifadə edərək, əksər məhsulların qiymətini artırırlar. Ancaq benzin ucuzlaşanda bu bazarda qiymətlərə təsir etmir. Bazardakı bu anormal durumu dəyərləndirən iqtisadçı ekspert də təsdiq edir ki, benzinin qiyməti artan kimi bu digər məhsulların qiymətinə də təsir edir, ancaq benzin ucuzlaşanda ölkədə digər məhsulların ucuzlaşması müşahidə olunmur: “Bu baxımdan çox təəssüf ki, biz benzinin ucuzlaşacağını proqnozlaşdıra bilsək də, digər məhsulların ucuzlaşacağını proqnozlaşdıra bilmirik. Bunun bir səbəbi psixoloji faktorlardır, digər bir səbəbi isə ölkədə istehlak məhsullarına çıxışın məhdud olmasıdır. Sözsüz ki, iş adamları benzinin bahalaşmasından psixoloji faktor kimi istifadə edirlər, istehlak məhsullarının qiymətini artırırlar”.(faktxəbər)