Bu gün Azərbaycanda nitq və eşitmə qabiliyyəti məhdud olan 8 mindən çox insan yaşayır. Bu vətəndaşların başlıca problemi məşğulluqdur. Ölkədə fiziki imkanları məhdud olan şəxsləri işlə təmin edən çox az sayda şirkət mövcuddur. Belə şirkətlərdən biri də 15 nəfər nitq və eşitmə qüsurlu vətəndaşın çalışdığı “Nar Mobile” mobil operatorudur. Bundan əlavə, şirkət belə vətəndaşların cəmiyyətə inteqrasiya edilməsi istiqamətində çoxsaylı layihələr həyata keçirir. Yenicə başa çatdırılan “Nitq və eşitmə qüsurlular üçün məktəb” layihəsi məhz belə layihələrdəndir. Layihə çərçivəsində üç ay ərzində eşitmə və nitq qabiliyyəti məhdud olan 15-28 yaşlarındakı 25 gənc floristika, bərbərlik, dekorativ əl işləri və kompüter texnologiyaları istiqaməti üzrə 4 müxtəlif kursun iştirakçısı olmuşdur.
Qeyd edək ki, bu, “Nar Mobile”-ın fiziki imkanları məhdud olan vətəndaşların cəmiyyətə inteqrasiya edilməsi istiqamətində göstərdiyi ilk fəaliyyət deyil. Artıq bir neçə ildir ki, şirkət “Eşitməmək düşünməmək deyildir” adlı layihəni həyata keçirir. Bu layihə çərçivəsində şirkət eşitmə və nitq qabiliyyəti məhdud olan gəncləri işə cəlb etməklə yanaşı, eyni zamanda sosial inkişaf üçün onları digər əməkdaşlarla eyni imkanlarla təmin edir. Hal-hazırda şirkətdə nitq və eşitmə qüsurlu 15 vətəndaş çalışır. Öz təcrübəsindən çıxış edən “Nar Mobile” mobill operatoru digər şirkətləri də fiziki imkanları məhdud olan şəxsləri işlə təmin etməyə çağırır.
Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan “Nar Mobile”, 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində “Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim etmiş və abunəçilərin rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır. “Nar Mobile” Bakı 2015 Avropa oyunlarının rəsmi mobil rabitə təminatçısıdır.