Yağıntılı havada sürətlə hərəkət edən və piyadaların üstünə su sıçradan sürücülər cərimə olunacaq. Bilindiyi kimi, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulub ki, küçələrdəki suyu, palçığı qəsdən piyadaların, digər avtomobillərin, binaların üzərinə sıçradan sürücülər barədə məsuliyyət nəzərdə tutulub. Məcəllənin 155.1.5-ci maddəsində də göstərilir ki, yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən su sıçradılmasına görə sürücülər 40 manat miqdarında cərimə olunurlar.
Yağışlı havada sürətlə hərəkət edilməsinə görə xəbərdarlıqla tam razıyam buna görə istənilən tənbeh tədbirini doğru hesab edirəm. Lakin yuxarıda qeyd olunan maddənin əslində yolların keyfiyyətsiz vəziyyətinə bəraət qazandırmaq üçün nəzərdə tutulduğunu təxmin etmək olar. Təbii ki, burada əsas nöqsan Milli Məclisə aiddir ki, bu cür izahı mümkün olmayan bir maddəni qəbul edib. Əlbəttə sürücüləri xəbərdar etmək lazımdır ki, yağışlı havada piyadaların üst-başının suya-palçığa bulaşdırmamaq üçün diqqətli olsunlar, daha mədəni hərəkət etməyə çalışsınlar”.
Fazil Mustafa hesab edir ki, yolların bərbad vəziyyətdə olduğu halda sürücülərdən mədəniyyət tələb etmək düzgün deyil:
“Bunlar yol mədəniyyəti baxımından vacib məsələlərdir. O yerdə ki, suyun dərhal axıb getdiyi yollar var, mədəniyyət də tələb olunmalıdır. O yerdə ki, normal yol yoxdur, hansısa mədəni davranışı tələb etmək bir qədər real görünmür. Bütün hallarda 40 manat cərimə həqiqətən absurd məsələdir və bu barədə fikirlərimi Milli Məclisdə də dilə gətirəcəyəm. Əgər yol müasir standartlara cavab verirsə, onun üzərində niyə su gölməçəsi və palçıq qalmalıdır? Niyə yolun kənarına lazımi standartda səkilər nəzərdə tutulmamalıdır ki, piyadalar ən azı təhlükəsiz hərəkət etsinlər və su sıçramasından qoruna bilsinlər? Su gölməçəsi basmış yolun bir tərəfindən digər tərəfinə keçməyə məcbur olan piyadanın ayaqqabısına su dolanda, cəriməni kim ödəyəcək? Ona görə də, piyadaların haqqını qoruduğumuz qədər, sürücülərin də vəziyyətini doğru anlamaq lazımdır. Bir-iki məhdud tərbiyəsi olan sürücüdən başqa böyük əksəriyyət kimsənin üstünü bulaşdırıb söyüş eşitmək istəməz. Ona görə də xüsusi istisna hallar xaric, bu maddənin tətbiqi ciddi mübahisə yaradacaqdır”.