“Yenimeydan.info”nun APA-ya istinadən məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə İran İslam Respublikasının Qum şəhərində keçirilən “Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında” mövzusunda keçirilən Beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, müsəlman ziyarətgahlarının bombalanması, namazlarda, bayram və matəm mərasimlərində dinc əhalinin terrora məruz qalması, Qurana qarşı hörmətsizlik faktları, İslam Peyğəmbərini təhqir edən karikaturaların, filmlərin nümayişinin yaratdığı fəsadlar milli və dini zəmində qarşıdurma yaradıb: “Bu günlərdə Qüds, ilk qibləgahımız olmuş əl-Əqsa məscidi sionistlərin təcavüzünə məruz qaldı, mübarək məkanlar təhqir edildi. İslam dininə qarşı yönəldilən bu kimi cinayətləri biz regionda qarşıdurmanın artmasına səbəb olan hal kimi dəyərləndirir və problemin sülh yolu ilə ədalətli həllinə çağırırıq”.
Şeyxülislam qeyd edib ki, müsəlman dünyası böyük bir təhlükə və sonu fəlakətə apara biləcək təxribatlarla üzləşib: “İslami vəhdətimizi parçalamaq niyyətində olan qüvvələr bu gün öz niyyətlərinə İraqda, Suriyada, Fələstində, Qüdsdə, Yəməndə, Liviyada, Əfqanıstanda nail olmağa çalışırlar. Dünya indi qondarma İraq Şam İslam Dövləti - İŞİD adlı bir kabusun vahiməsi ilə təhdid edilir. Bir sıra ölkələrdə, bölgələrdə terror aktlarının baş verməsi, bu halların hərbi xarakter alması biz müsəlmanları narahat etməyə bilməz. Baş verənlərdə Qərbin bəzi dairələrinin məqsədini anlamaq çətin deyil - İŞİD və təkfirçilərin əli ilə müharibələr yaratmaqla müsəlman dövlətlərini zəif salmaq, neft və qazla zəngin ərazilərin təbii sərvətlərini ələ keçirməkdir. Bu oyunlarda insan həyatının qiyməti 1 barrel neftin qiyməti qədər də deyil”.
A.Paşazadə dünya müsəlmanlarına xəbərdarlıq da edib: “Bəşəriyyət böyük təhlükə qarşısındadır və ən qorxulusu da odur ki, İslamın həm xarici, həm də daxili düşmənləri birləşərək dünyanın gözündə islami dəyərləri nüfuzdan salmaq, mənəviyyatımızı əlimizdən almaq istəyirlər”.