Müsabiqənin mövzusu “Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər”dir. Məqsəd Nizami rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.
Müsabiqə elan edilən günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentlikləri) fasiləsiz çalışan şəxslər iştirakçı ola bilərlər.
Müsabiqənin şərtlərinə əsasən, dərc olunmuş yazıların sərlövhələri təklif edilən mövzu ilə eyni olmalı, hər jurnalist yalnız bir yazı təqdim etməlidir. Eyni zamanda, qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşən qəzetlər və həmin siyahıdan çıxarılan qəzetlər (1 il müddətində), Şura tərəfindən xəbərdarlıq almış qəzetlərdə (6 ay müddətində) çıxan yazılar müsabiqəyə qəbul edilmir.
Qəzetdə dərc olunmuş yazıda “Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.
Yazıların qəbulu dekabrın 24-də başa çatır.
Qaliblərə diplom və pul mükafatı təqdim olunacaq.
Daha ətraflı məlumat almaq istəyənlər KİVDF-nin rəsmi saytına (www.kivdf.gov.az) müraciət edə bilərlər.