Türkiyənin ünlü kafe brendlərindən olan MADO-nun Azərbaycan filialının yenidən gündəmə gəlməsi rəsmi Ankaranın Bakıdan Fətullah Gülən camaatının Azərbaycandakı qolunun tamamilə zərərsizləşdirilməsi tələblərinə görədir. Bu məlumatı "Yeni Müsavat” qəzetinə verən mənbənin iddialarına gərə, MADO-Azərbaycanın qeyri-rəsmi sahibi "İrəli” Gənclər Hərəkatının sabiq sədri, adı "Azərbaycan nurçuları” siyahısında öndə olan deputat Ceyhun Osmanovdur. İnformasiyalı qaynaq "Yeni Müsavat”a açıqlamasında bir neçə gündür MADO-Azərbaycan ətrafında qalmaqal yaradılmasını bu cür izah edib.
Hər şey MADO-nun Bakıdakı Rus Dram Teatrının qonşuluğunda yerləşən filialında erməni əsilli ABŞ musiqiçisinin ifasının səsləndirilməsindən sonra başlayıb. Olayın şahidi olan ölkə.az saytının əməkdaşı baş verənlər haqqında xəbər yazıb. Xəbərdə bildirilir ki, filial rəhbərliyi öncə müştərilərin Şer Sərkisyan adlı ABŞ müğənnisinin ifasına etirazlarına məhəl qoymayıb. Ancaq MADO-çular etirazların artdığını görüb "valı dəyişiblər”.
Xəbəri bir neçə sayt təkrar yayıb. Ertəsi gün isə daha bir neçə tirajlı sayt məsələ ilə bağlı araşdırma təqdim edib. Yazılarda əsasən Şer Sərkisyanın erməni əsilli olması, qazandığı milyonlardan erməni lobbisinə səxavətlə pul ayırması, Türkiyə əleyhinə kampaniyaları maliyyələşdirməsi, eləcə də işğal edilən Azərbaycan torpaqlarında həyata keçirilən bir neçə layihənin sponsoru olması ilə bağlı faktlar yer alıb. Təbii, bütün yazılarda MADO türk dünyasına düşmən münasibətdə olan bir müğənninin musiqisini səsləndirdiyi üçün qınanıb.
Xəbəri "Yeni Müsavat”a verən qaynaq bildirir ki, MADO-nun "Gülən camaatı”nın əlində olması çoxdan bəllidir. Şirkətin Azərbaycanda filial yaratması, Bakının ən prestijli 4 məkanında, üstəlik, Qəbələ və Şəmkirdə fəaliyyətə başlaması rəsmi Ankara ilə Fətullah Gülən camaatı arasında münasibətlərin sıcaq olduğu dönəmə təsadüf edir. Problem 17-25 dekabr əməliyyatından sonra başlayıb.
AKP iqtidarına qarşı Gülən hərəkatının düzənlədiyi iddia olunan 17 dekabr Böyük Rüşvət Əməliyyatından sonra o zamankı baş nazir Rəcəb Tayyib Ərdoğan yalnız Türkiyədə deyil, nurçu cameənin çalışdığı digər ölkələrdə də Gülən şəbəkəsini sıradan çıxarmağı hədəf seçib. Ərdoğanın bu məsələ ilə bağlı rəsmi Bakı ilə də danışıqlar apardığı, hətta Bakıya xüsusi dosyalar göndərdiyi haqqında həm Türkiyə, həm Azərbaycan mediasında çoxsaylı yazılar dərc edilib. Azərbaycanda "Gülən məktəbləri”nin bağlanması, "nurçu” cameəyə rəhbərlik edən şəxslərin, o sıradan Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovun "vurulması” da bununla izah edilir. R.T.Ərdoğan prezident seçiləndən sonra isə "paralel yapı” ilə mübarizə daha da güclənib. Ankara illərdir hüquq-mühafizə orqanlarında kök salan "camaat”çıları həbs etməklə yanaşı, onların əsas maliyyə qaynaqlarını kəsmək üçün genişmiqyaslı əməliyyat başladıb. Türkiyə mediası yazır ki, bu məsələdə qərarlı olan rəsmi Ankara məsələni bir neçə ölkənin lideri ilə müzakirə edib. Bu sırada İlham Əliyevlə yanaşı Rusiya prezidenti Vladimir Putinin də adı çəkilir.
Qaynaq MADO-nun Bakının mərkəzindəki filialında erməni musiqiçinin ifasının səsləndirilməsinin təxribat olacağı versiyasını da istisna etmir. Məqsəd diqqəti MADO-ya çəkmək, Azərbaycan iqtidarına Ərdoğana verilən sözü xatırlatmaq ola bilər. Bu versiyaya inansaq, yaxında MADO-Azərbaycanın "əl dəyişdirəcəyi”ni də gözləmək olar.
Ceyhun Osmanlıya gəlincə, onun adı "nurçular” siyahısında hallanandan az sonra Göyçay Rayon İcra Hakimiyyətində şöbə müdiri işləyən atası Yunis Osmanovun işdən çıxarılması xəbəri yayıldı. Sonradan xəbər təkzib edildi – qısa sürən qeyri-müəyyənlikdən sonra Yunis Osmanov vəzifəsində qala bildi.
Həmin dönəmdə Azərbaycan mediasında Ceyhun Osmanlının Milli Məclis üzvlüyünə seçilməsi üçün camaatın 100 min dollar ayırması xəbəri də yayılmışdı. İddiaları aqressiv qarşılayan Ceyhun Osmanlı bu haqda xəbər yayan media quruluşlarını məhkəmə ilə hədələmişdi.
MADO-nun adı Maraş dondurmasından götürülüb. Şirkət sahibləri Türkiyənin ən ünlü dondurmasına aid ifadədəki sözlərin hər birindən ilk iki hərfi alıb brendə çevirə biliblər. MADO uzun illərdir Türkiyənin qida sektorunun öncüllərindəndir. Həm keyfiyyət, həm xidmət səviyyəsinə görə şirkət müştəri məmnuniyyəti qazanıb. Azərbaycanda da "MADOpərəstlər” az deyil. Şirkətin devizi "gerçək ləzzətlər”dir. MADO gerçəyinin kimə ləzzət verəcəyi, kimi donduracağı isə önümüzdəki günlərdə üzə çıxacaq.