Bu təqdimatları bir çoxlarımız görmüşük. Əsasən də “masaj” salonlarının reklamlarında….
Şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən və bu kimi “xidmət” yerlərinin böyük hissəsi qanunsuzdur. Belə “masaj” salonlarında təklif edilən xidmətlərin nədən ibarət olması hər kəsə məlumdur.
Artıq elə bir situasiya yaranıb ki, həqiqətən də masaj etdirmək üçün masaj salonlarına gedənlərə heç kəs inanmır. Hər kəs həmin şəxslərin oraya intim münasibətlər üçün getdiyini düşünür.
Bəlkə də haqlıdırlar. Çünki “masaj” salonlarına gedərkən xidmətlər haqqında sual verilir.
Cavab isə adətən, belə olur:
- Hansı masaj növləriniz var?
- 20 manatlıq masaj, 40 manat versən, hər şey...
Adı “masaj” salonu olan, amma fahişəxana kimi fəaliyyət göstərən salonların sayı bir neçə il öncəyə kimi olduqca az idi. İndi isə sayı-hesabı yoxdur. Artıq “masaj” salonları arasında rəqabət də formalaşıb.
Bu tipli salonların rəhbərləri öz obyektlərinə müştəri cəlb etmək üçün yamanca əziyyət çəkirlər. Bəzi sosial şəbəkələrdə qızların fotolarını yerləşdirərək, gəncləri başdan çıxarırlar. Şəhərin müxtəlif yerlərində divarlara elanlar yapışdırırlar. Bu tipli elanlarda isə nömrə və xidmət haqda qısa məlumatdan başqa heç nə yazılmır.
Son zamanlarda isə yeni bir reklam üsuluna əl atıblar. Şəhərin müxtəlif yerlərində, avtomobillərin sıx olduğu və tıxac yaranan ərazilərdə gənc qızlar əllərində kiçik reklam elanları paylayırlar. Sürücülərə yaxınlaşaraq, həmin elanları onlara uzadırlar. Bəzən isə sürücünün həmin elanı götürüb-götürməməyinin də fərqi olmur. Maşının pəncərəsi açıqdırsa, elan kağızını avtomobillərin içərisinə atırlar. Reportajımızı hazırlayarkən bunların bir daha şahidi olduq.
Fotolarda gördüyünüz bu gözü eynəkli reklamçı qızı Əhmədli metrostansiyası yaxınlığında gördük. Eyni işləri görən, amma müxtəlif masaj salonlarında çalışan qızlar şəhərin “28 May”, “Nəriman Nərimanov”, “Gənclik” və digər metrostasiyaları yaxınlığında eyni funksiyanı yerinə yetirirlər.
Maraqlısı odur ki, bu kimi elanlarda sadəcə, “masaj” salonunun adı və nömrəsi yazılır. Ünvan heç vaxt yazılı olmur. Bunun da səbəbləri məlumdur, gizlilik... Əslində bu kimi “masaj” salonlarının aşkarlanması çox asandır. Dövlət orqanları çox rahat şəkildə bu salonları aşkarlaya bilərlər.
Kitab dükanlarının, əyləncə mərkəzlərinin, hətta gediş-gəliş rahat olsun deyə avtomobillərin belə, yığışdırıldığı paytaxtın mərkəzi küçələrindən “masaj” salonlarını yığışdırmaq olmazmı?