Bu sahəni bir neçə nəfərin nəzarətində olduğundan faizlərin də sövdələşmə nəticəsində müəyyənləşməsi ehtimalı həddən artıq yüksəkdirMərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisdə 2015-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı bir sıra problemlərdən danışıb. O, banka qoyulan əmanətlərin azaldığını bildirib. Baş bankir eyni zamanda, banklarda yetərincə artıq vəsait olduğunu vurğulayaraq, bu üzdən kreditlərin faiz dərəcələrinin aşağı salınmasını təklif edib.Elman Rüstəmov qeyd edib ki, əhalinin kreditlərə tələbatı var. Ancaq ölkədə həddindən artıq borclanma yaranır: “Bu, fəsadlara gətirib çıxara bilər. Bankların pul qazanmaq xatirinə belə bir yola addım atması onların stabilliyini itirməsinə gətirib çıxara bilər. Bizim tədbirlərimiz bunun qarşısını alır. Mərkəzi Bankın səyi nəticəsində bu il istehlak kreditləri 2 dəfəyə qədər azalıb. Ötən il bu rəqəm 30 faiz idi. Hazırda isə bu rəqəm 15 faiz civarındadır”.
Iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, bank kreditlərinin faiz dərəcələrinin aşağı salınması mövzusunda illərdir müzakirələr getsə də, konkret nəticə yoxdur. Yəni, hökumət yetkililəri, Mərkəzi Bank, deputatlar Azərbaycanda kredit faizlərinin yetərincə yüksək olması məsələsini dəfələrlə qaldırsalar da, problem həllini tapmır. Problemin həllini tapmamasının əsas səbəbini isə ekspert belə izah edir: “Əsas səbəb digər sektorlar kimi bank sferasının da ciddi inhisarçı mövqeyə malik olmasıdır. Bu sahəni bir neçə nəfər idarə etdiyindən, faizlərin də sövdələşmə nəticəsində müəyyənləşdirilməsi ehtimalı həddən artıq yüksəkdir”.Natiq Cəfərlinin sözlərinə görə, yalnız rəqabətli mühit vəziyyəti dəyişə bilər: “Problemin həlli üçün xarici investorların, iri bankların Azərbaycana gəlişi təmin edilməlidir. Avropanın iri bankları Gürcüstanda bazara daxil olandan sonra faiz dərəcələri enməklə, kreditin keyfiyyəti yüksəldi. Azərbaycanda da indiki durumda yeganə yol bazarın açılması, rəqabətli mühitin yaradılması və böyük əcnəbi bankların bazara birbaşa girişinin təmin olunmasıdır. Təəssüf ki, Mərkəzi Bank və hökumət inhisarçıların marağına uyğun olaraq, iri bankların bazara buraxılmasını ləngidir. Illərdir müzakirələr aparılsa da, heç bir qərar qəbul olunmur”.