Ötən yazımda yol hərəkəti qaydalarının pozulduğu hallarda sürücünün iştirakı olmadan elektron qaydada sənədləşdirilmənin proseduruna toxunmuşdum. Bu yazımda isə sürücülərin törətdiyi qayda pozuntularının sənədləşdirilməsinin ikincisi prosedurunu - DYP əməkdaşının yerində sürücünü saxlayaraq qərar çıxarmasını nəzərdən keçirmək istəyirəm.
Qayda pozuntularına görə məsuliyyətə cəlb edilmənin bu prosedurunun da bütün xırdalıqları İnzibati Xətalar Məcəlləsində (İXM) və Daxili İşlər Nazirliyinin 2012-ci ildə təsdiq etdiyi “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair” Təlimatda təsbit edilmişdir.
Həmin normativ aktlar bu qaydada sənədləşmənin həyata keçirilməsi üçün 3 şərt müəyyən etmişdir:
- sürücünün törətdiyi qayda pozuntusu elektron qaydada sənədləşdirilən qayda pozuntuları sırasına aid olmasın, yaxud bu qaydada sənədləşdirilən qayda pozuntularından olsa da, foto və ya video qeydiyyat funksiyasına malik texniki vasitələrin olmadığı və ya belə vasitələrin işləmədiyi yerdə törədilmiş olsun (sürət rejimini pozma istisna olmaqla: bu qayda pozuntusu yalnız xüsusi texniki vasitələrlə qeydə alına bilər);
- sürücünün törətdiyi qayda pozuntusuna dair işə baxaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq həmin pozuntunu yerində aşkar edərək sürücünü dayandırmış DYP əməkdaşının səlahiyyətinə aid olsun;
- sürücü törətdiyi qayda pozuntusu ilə razılaşsın, yəni müvafiq qaydanı pozduğunu etiraf etsin.
Bu şərtlərin hər üçü eyni vaxtda mövcud olduqda yerində qərar çıxarıla bilər. Onların hər birini ayrılıqda nəzərdən keçirək.
Birinci ŞƏRT. Ötən yazımda qeyd etdim ki, İXM-in 151.1, 151.2, 151.3, 151.3-1, 151.3-2, 151-1, 151-2.1, 151-3 və 158-1.3-cü maddələrində nəzərdə tutulmuş qayda pozuntuları foto və ya video qeydiyyat funksiyasına malik texniki vasitələrlə (yəni radarlarla və müşahidə kameraları ilə) aşkar edildikdə sürücünün iştirakı olmadan elektron qaydada sənədləşdirilir. Qanunun birbaşa tələbinə əsasən, sadalanan qayda pozuntularından hər hansı birinin törədilməsi video kameralarla və ya radarla qeydə alındıqda sürücü barəsində nəyinki yerində sənədləşmə aparıla bilməz, hətta belə sənədləşmə üçün sürücünün dayandırılması da qadağandır. Deməli, sürücünün yuxarıda sadalananlardan başqa istənilən digər qayda pozuntusunu törətməsi DYP əməkdaşı tərəfindən aşkar edildikdə sürücü yerində dayandırılaraq sənədləşdirilmə aparıla bilər. Belə qayda pozuntularının dairəsi kifayət qədər genişdir: İXM-in 151-2.2-ci (işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozma), 151-2.3-cü (təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmə), 151-4-cü (keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsi və ya mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsi), 152-ci (nəqliyyat vasitələrini idarəetmə hüququ olmayan şəxslər tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsi), 152-1-152-5-ci (sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmə, belə vəziyyətdə olan şəxsə nəqliyyat vasitəsini vermə), 154-cü (texniki baxışdan keçmədən, dövlət qeydiyyatına alınmadan nəqliyyat vasitəsini idarə etmə və s.), 155-ci (nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və bir neçə digər maddələrində nəzərdə tutulan qayda pozuntuları. Həmin qayda pozuntularının xüsusi texniki vasitələrlə aşkar edilərək elektron qaydada sənədləşdirilməsi nəzərdə tutulmur.
Bununla belə, elektron sənədləşmə nəzərdə tutulan qayda pozuntuları da xüsusi texniki vasitələrin olmadığı və ya işləmədiyi yerdə törədildikdə DYP əməkdaşı sürücünü yerində saxlayaraq sənədləşmə apara bilər. Lakin bu məsələdə bir neçə xırda məqam nəzərə alınmalıdır. BIRINCISI, sürət rejimi pozma yalnız xüsusi texniki vasitələrin, yəni DYP-nin mərkəzi informasiya sisteminə inteqrasiya olunmuş radarların köməyi ilə aşkar oluna bilər. Ona görə də sürət rejimini pozmaya görə heç bir halda sürücü yerində dayandırılaraq sənədləşdirmə aparıla bilməz. İKINCISI, elektron qaydada sənədləşdirilən digər qayda pozuntuları foto və ya video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitələrin olmadığı yerdə aşkar edildikdə DYP əməkdaşı yerində sənədləşdirmə apara bilər. Yəni sadəcə olaraq nəzarət kameraları yoxdursa, DYP əməkdaşı yerində sənədləşdirmə apara bilər. ÜÇÜNCÜSÜ, həmin texniki vasitələrin işləmədiyi yerdə də DYP əməkdaşı yerində sənədləşdirmə apara bilər. Amma bu halda təcrübi problemlər yarana bilər. Çünki video kameranın mövcud olması gözlə görünsə də, onun işləyib-işləməmsini visual aydınlaşdırmaq mümkün deyil. Deməli, nəzəri baxımdan sürücünün belə yerdə törətdiyi qayda pozuntusunun həm DYP əməkdaşı tərəfindən yerində, həm də nəzarət kamerası ilə qeydiyyata alınmaqla elektron qaydada sənədləşdirilməsi mümkündür. Bunu istisna etmək üçün iki məsələyə diqqət edilməlidir. Əvvəla, yol hərəkəti təhlükəsizliyinə nəzarət edən bütün kameralar daim işlək vəziyyətdə olmalı, hər hansı yerdəki kameralar işləmədikdə isə həmin ərazidə xidmət edən DYP əməkdaşlarına dərhal bu barədə məlumat verilməlidir. Hər hansı səbəbdən eyni qayda pozuntusu həm elektron qaydada, həm də yerində sənədləşdirilmiş olduqda isə dərhal bunlardan biri ləğv edilməlidir. Həm elektron, həm də yerində sənədləşməyə dair məlumatlar DYP-nin vahid mərkəzi informasiya sistemində qeydə alınır. Bu zaman eyni bir şəxsin eyni yerdə, eyni vaxtda törətdiyi eyni qayda pozuntusunun iki müxtəlif üsulla sənədləşdirilmiş olması avtomatik aşkar ediləcəkdir.
İkinci ŞƏRT. Sürücünün törətdiyi qayda pozuntusu ilə bağlı onu yerində dayandırmış DYP əməkdaşı yalnız o halda qərar çıxara bilər ki, həmin qayda pozuntusuna dair işə baxaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul etmək bu DYP əməkdaşının səlahiyyətinə aid olsun. Deməli, DYP əməkdaşının yerində aşkar etdiyi qayda pozuntusuna dair işə baxmaq məhkəmənin və ya DYP-nin yuxarı vəzifəli şəxsinin səlahiyyətinə aiddirsə, həmin əməkdaş heç bir halda qərar çıxara bilməz. (qayda pozuntusuna dair işin DYP-nin hansı vəzifəli şəxsinin səlahiyyətinə aid olması Prezidentin 29 sentyabr 2007-ci il tarixli, 634 saylı Fərmanı ilə müəyyən edilir). Göstərilən hər iki halda sürücünü saxlamış DYP əməkdaşı yalnız protokol tərtib etməli və həmin protokolu baxılması üçün məhkəməyə və ya buna səlahiyyəti olan DYP orqanına göndərməlidir. Bu qayda pozuntusuna dair işə baxmaq DYP əməkdaşının öz səlahiyyətinə aiddirsə və yerində qərar çıxarmanın digər iki şərti də mövcuddursa, o, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmalıdır.
Üçüncü ŞƏRT. Qaydanın pozulduğu yerdə yalnız o halda qərar çıxarıla bilər ki, sürücü qayda pozuntusu ilə razılaşsın, yəni o, belə bir qayda pozuntusuna yol verdiyini etiraf etsin. Əgər sürücü qayda pozuntusunu törətmədiyini deyərsə, DYP əməkdaşı yerində qərar çıxara bilməz və yenə də yalnız protokol tərtib etməklə kifayətlənməlidir.
İXM-ə 2 may 2014-cü il tarixdə edilmiş və 27 may 2014-cü il tarixdən qüvvəyə minmiş dəyişikliklərə əsasən, yerində qərar DYP əməkdaşı tərəfindən patrul avtomobilində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunduqdan sonra dərhal, yaxud belə kompyuter olmadıqda həmin günün sonunadək DYP-nin mərkəzi informasiya sistemində yerləşdirməlidir. Qərarın kağız daşıyıcıda surəti DYP əməkdaşı tərəfindən yerindəcə sürücüyə verilməlidir. Sürücünün plastik kartı olduqda o, həmin qərarla təyin edilən cəriməni DYP əməkdaşında olan POS-terminal vasirəsilə elə orada ödəyə bilər (10% güzəştlə).
Təəssüf ki, DYP-nin hazırkı fəaliyyətində yerində birbaşa qərar çıxardılması təcrübəsindən hələ ki istifadə olunmur. Düzdür, indi də yerində qərar çıxarılır, amma əvvəlki qanunvericilikdə olduğu kimi, əvvəl protokol tərtib olunur, sonra qərar çıxarılır. DYP-nin 5 ay əvvəl qüvvəyə minmiş yeniliyi qanunda deyildiyi kimi icra etməməsinin səbəbi aydın deyil.
Yerində qərar çıxarmanın da təcrübədə incəlikləri ola bilər. Məsələn, törədilmiş qayda pozuntusu balla qiymətləndirilən olduqda və DYP əməkdaşı sürücünün əvvəlki cərimə ballarının və yeni yazılacaq balın ümumi sayının 20-ni aşacağını gördükdə, artıq yerində qərar çıxara bilməz. Belə halda protokol tərtib olunmalı və sürücü barəsində materiallar onun yaşayış yeri üzrə DYP orqanına göndərilməli, bundan sonra həmin sürücü DYP orqanına çağırılaraq İXM-in 151.4-cü maddəsinə əsasən 20 və daha çox cərimə balı topladığına görə onun sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılmalıdır.
Sürücülər nəzərə almalıdırlar ki, törətdikləri qayda pozuntularına görə yerində çıxarılmış qərar onlara təqdim edildiyindən həmin qərarın qüvvəyə minməsi ilə bağlı müddətlər elə həmin andan axmağa başlayır. Yəni bu qərar çıxarıldıqdan 10 gün sonra qüvvəyə minəcək. Onun qüvvəyə minməsindən sonra cərimənin ödənilməsinin gecikdirildiyi halda baş verə biləcək nəticələr isə digər qayda pozuntularının törədildiyi haldakı kimidir. Sadəcə bu halda qərarın çıxarılması və sürücüyə təqdim olunması eyni gündə baş verir. Deməli, qərar çıxarıldığı gündən sonra ilk 15 gündə cəriməni ödədikdə 10 faizlik güzəştdən yararlanmaq olar. Həmin gündən sonrakı 41-ci gündən dəbbə pulu hesablana bilər, 70 gündən sonra nəqliyyat vasitəsinin saxlanılması ilə bağlı qərar çıxarıla bilər, 100 gündən sonra isə şəxsin sürücülük hüququ 6 aydan 1 ilədək məhdudlaşdırıla bilər.
Ərşad Hüseynov,
hüquqşünas