“Yenimeydan.info” virtualaz.org-a istinadən xəbər verir ki, bu iri infrastruktur layihəsinin dəyəri təqribən 1,8 milyard dollardır.
A.Ağalarovun “Crocus Group” şirkəti yolun 42,8 milyard rublluq hissəsinin tikintisinə dair tender komissiyasına ərizə təqdim etsə də “Avtodor” hesab edib ki, şirkətin irihəcmli yol-infrastruktur layihələrinin həyata keçirilməsində kifayət qədər təcrübəsi yoxdur və tenderə buraxıla bilməz.
“Avtodor” tenderə 5 şirkəti buraxıb. Tender iki hissədən ibarət olmaqla keçiriləcək və nəticələri dekabrın 15-dən gec olmayaraq açıqlanacaq.
Bildirilir ki, “Crocus Group” müsabiqəyə sənəd təqdim edərkən indiyədək 23,7 milyard rubl həcmində yol tikintisini həyata keçirdiyini göstərib. Lakin “Avtodor”un tender komissiyası bu sübutu inandırıcı hesab etməyib və Ağalarovun şirkətinin cəmi 3,3 milyard rublluq yol tikintisi həyata keçirdiyini təsdiqləyib.
Tenderin şərtlərinə görə, müsabiqəyə ən azı 13 milyard rublluq yol tikintisi həyata keçirmiş şirkətlər qatıla bilərlər.
Araz Ağalarovun “Avtodor”un qərarına münasibəti bəlli deyil. Lakin bu, birinci dəfə deyil ki, Araz Ağalarovun və onun oğlu Emin Ağalarovun ortaq şirkəti olan “Crocus Group” Moskva Dairəvi Avtomobil Yolunun tikintisindən kənarda saxlanılır. Bu ilin yazında “Avtodor” Moskva Dairəvi Avtomobil Yolunun 49,5 kilometrlik hissəsinin çəkilməsi ilə bağlı tenderdə ən aşağı qiymət təklif etməsinə baxmayaraq “Crocus Group”u yox, ərəb əsilli multimilyonçu Ziyad Manasirin “Stroyqaqzkonsaltinq” şirkətini qalib elan etmişdi.
Bu da Ağalarovun etirazına səbəb olmuşdu. Belə ki, “Crocus” şirkəti bu yol tikintisini 47,5 milyard rubla həyata keçirməyə hazır idi. Lakin tender komissiyası A.Ağalarovun şirkətinin bu cür iri yol infrastruktur layihələrində təcrübəsinin olmadığını əsas gətirərək onu tenderdən çıxarıb. Layihə tikintini 48,9 milyard rubla həyata keçirməyə hazır olan “Stroyqazkonsaltinq”ə verilib.
Qeyd edək ki, “Avtodor” layihənin ilkin qiymətini 51 milyard rubl həcmində müəyyənləşdirmişdi.
Rusiya mediası yazırdı ki, tenderin belə nəticələnməsinin arxasında ciddi korrupsiya maraqları dayana bilər. Ekspertlər “Avtodor”un rəhbəri Sergey Kelbaxın Ziyad Manasirlə korrupsiya sövdələşməsinə girməsindən şübhələnirlər. Ekspertlər hesab edirlər ki, Ziyad Manasir bu iri tenderi udmaq üçün S.Kelbaxa ya pul şəklində “haqq” verib, ya onu öz biznesinə şərik edib.
Vaxtilə Z.Manasir “Qazprom”dan yaxşı sifarişlər almaq üçün bu şirkətin rəhbəri Viktor Çernomırdinin ailə üzvləri ilə öz biznesini bölüşürdü.
A.Ağalarov bu tenderdən kənarda qalsa da büdcə vəsaitləri hesabına həyata keçirilən infrastruktur layihələrinə qatılmaq üçün yeni tenderlərə qatılmaq niyyətində olduğunu bildirmişdi. Ancaq göründüyü kimi, Rusiyanın ən korrupsioner məmurlarından biri kimi tanınan S.Kelbax A.Ağalarovun şirkətini bu dəfə qapıdan qaytarıb və tenderə qatılmaq icazəsi verməyib.
Azərbaycanda olduğu kimi Rusiyada da büdcə vəsaitləri hesabına iri yol-nəqliyyat infrastrukturu layihələrinin həyata keçirilməsi bu işə məsul olan məmurlar üçün kifayət qədər gəlirli işdir. Bu baxımdan “Avtodor”un rəhbəri Sergey Kelbax barəsində Rusiya mənbələrində çoxsaylı korrupsiya faktlarına rast gəlmək olar.