Müsabiqə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq 19 istiqaməti əhatə edir.
Müsabiqədə iştirak etmək istəyən jurnalistlər müsabiqə elan olunan günədək ən azı 1 il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər olmalıdırlar. Hər jurnalist müsabiqəyə yalnız bir yazı təqdim edə bilər. Yazı Fond tərəfindən elan edilmiş istiqamətlərə uyğun olmalıdır və son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir. Qəzetdə dərc olunmuş yazıda “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.
Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşən, “qara siyahı”dan çıxarılan (1 il müddətində), Şura tərəfindən xəbərdarlıq almış KİV-lərin (6 ay müddətində) yazıları müsabiqəyə qəbul edilmir.
İnformasiya agentliklərində çalışan jurnalistlər istisna olmaqla, digər jurnalistlər öz yazılarını yalnız işlədikləri mətbuat orqanlarında dərc etdirməlidirlər.
Yazıların qəbulu dekabrın 11-də başa çatır.
Müsabiqənin qaliblərinə pul mükafatları veriləcək.
Daha ətraflı məlumat almaq istəyənlər Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəsmi saytına www.kivdf.gov.az müraciət edə bilərlər.