Mərkəzi Seçki Komissiyası Gülər Əhmədovanın deputat mandatını alandan sonra 34 saylı Xətai ikinci seçki dairəsi deputatsız qalıb. Ötən həftə isə deputat Hikmət Atayevin avtomobil qəzası nəticəsində dünyasını dəyişməsi 110 saylı Zaqatala seçki dairəsinin də deputatsız qalması ilə nəticələnib.
Hakimiyyətə yaxın deputatların biri əməkdaşımızla söhbətində deyib ki, iqtidarın deputatsız qalan dairələrdə seçki keçirəcəyi gözlənilmir. O, bunu bu il prezident seçkilərinin keçirilməsinin gündəmdə olması, həm də köhnə təcrübəyə əsaslanaraq bildirib.
Məlum olduğu ki, 2005-ci ildə keçirilən seçkilərdə formalaşmış parlamentdə üç deputat yeri sonadək boş qaldı və təkrar seçkilər keçirilmədi: 17 saylı Yasamal seçki dairəsi Lalə Şövkət Hacıyeva deputat mandatından imtina etdiyi üçün 2005-ci ildən 2010-cu ilədək, Hüseyn Abdullayevin mandatı alındığı üçün 2007-ci ilin martından 24 saylı Nizami seçki dairəsi, Azər Əmiraslanov Prezident Administrasiyasında vəzifəyə təyin olunduqdan sonra onun da deputat səlahiyyətlərinə xitam verildi və nəticədə 98 saylı Şəmkir seçki dairəsi 2008-ci ildən 2010-cu ilədək deputatsız qaldı. İstisna deyil ki, 34 və 110 saylı dairələr də bu taleyi yaşayacaqlar.
Dəfələrlə hüquqşünaslar bəyan ediblər ki, müxtəlif səbəblərdən boş qalan dairələrdə deputat seçkisinin keçirilməməsi həmin dairələrin əhalisinin hüquqlarının pozulmasıdır.
Mərkəzi Seçki Komissiyası mətbuat xidmətinin rəhbəri Azər Sarıyev deyib ki, boş qalan dairələrdə seçkilərin keçirilməsi barədə ölkə prezidentinin qərarı olmalıdır. Belə bir fərman verildikdən sonra MSK seçkini həyata keçirir.
Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri, seçki mütəxəssisi Hafiz Həsənov isə bildirdi ki, boş qalan dairələrdə seçkinin keçirilməməsi Seçki Məcəlləsinin tələblərinə ziddir: “Bunun niyə yubadıldığının izahını heç kim vermir. Nə Mərkəzi Seçki Komissiyası, nə də seçkinin vaxtını təyin etməyə məsul olan şəxslər heç bir addım atır. Qanunvericiliyə görə, parlamentə seçkilərin keçirilməsi qərarını dövlət başçısı verməlidir”.
Prezidentə boş qalan deputat yerlərinə təkrar seçkinin keçirilməsi üçün MSK, yoxsa həmin dairənin seçiciləri müraciət etməlidir? Qanunvericilikdə bununla bağlı hər hansı müddəa varmı?
H.Həsənovun sözlərinə görə, əslində bu məsələnin hüquqi proseduruna dair qanunvericilikdə heç nə yoxdur: “Sadəcə, məntiqi baxımdan belə olmalıdır ki, boş qalan yerlər üzrə MSK məlumat verməli və bunun əsasında da prezident seçkinin vaxtını təyin etməlidir”.
Bəs, aparıcı müxalifət partiyaları boş qalan dairələrdə seçki keçiriləcəyinə inanırmı? Seçki olacağı halda iştirak edəcəklərmi? Müsavat Partiyasının mətbuat xidmətindən bildirildi ki, Müsavat 2010-cu il parlament seçkilərində iştirak edib və əgər hansısa dairədə seçkilər keçiriləcəksə, bu, 2010-cu il parlament seçkilərinin davamı kimi qiymətləndirilə bilər. Ən azı nəzəri cəhətdən müxalifət partiyalarının, o cümlədən Müsavat Partiyasının bu seçkidə iştirak etmək və həmin dairələrdən namizəd irəli sürmək ehtimalı var. Ancaq bu barədə danışmaq hələ tezdir.
AXCP mətbuat xidmətindən isə bildirildi ki, birincisi, hakimiyyətin həmin dairələrdə seçki keçirməsi gözlənilmir, ikincisi, əgər seçki keçirilsə, Xalq Cəbhəsinin iştirakı gözlənilmir.