Son illər rəsmi nikahla yanaşı kəbin kəsdirənlərin də sayı artıb. Gənc nəslin dini nikaha üstünlük verməsi isə mollaların gəlir mənbəyini artırıb. Belə ki, məscidlərin axundları və ya bu mərasimi yerinə yetirən digər mollalar halallıq üçün verilən az miqdarda pulla qane olmurlar. Kəbin kağızını yazdıqdan sonra 10-20 manatla razılaşmayanlar yenicə evlənənlərdən 200-500 manat civarında pul istəyirlər. Halbuki, dövlətin rəsmi nikah üçün müəyyənləşdirdiyi rüsum 5 manatdır.
Aznews.az-ın əməkdaşı da belə halla rastlaşıb.
Göy məsciddə kəbin kəsdirmək üçün gedən gənclər axundla halallaşmaq üçün ona 20 manat təklif ediblər. Lakin məscidin axundu ona verilən halallıq pulu ilə razılaşmayaraq məbləğin qaldırılmasını tələb edib. O, gənc ailədən halallıq üçün 50-100 manat arasında pul istəyib.
Məscidin axundu “Mənə 250-500 manat arasında hörmət edirlər. Hələ elə olur ki, qoyun, dana da gətirirlər”,- deyə yeni evlilərə məbləğin artırılması üçün işarə vurub.
Kəbin oxumağın savab olduğunu deyən Məşədi Dadaş Məscidinin axundu Hacı Şahinin sözlərinə görə, iki şəxsin ailə qurmasına vəsilə olan bu məqam üçün hər hansı bir məbləğin alınması yolverilməzdir:
“Kəbin oxumağın özü savabdır. Odur ki, buna görə hər hansı məbləğ alınması düz deyil. Qafqaz Müsəlmanları İdarəsi də bu kimi məsələlərə nəzarət edir. Yəqin ki, hansısa istisna hal baş verib. Din xadimləri kəbin oxumaq üçün hansısa məbləğdə pul tələb edə bilməzlər”.
Dində də belə bir tələb irəli sürülməsinin olmadığını deyən Hacı Şahin bunun könüllülük əsasında olduğunu deyir:
“Hər hansı müstəhəb əməldə insanlar halallıq üçün nəsə etmək istəyirlərsə, bunu din qadağan etmir. Amma ümumilikdə hansısa məbləğin deyilməsi, tələb olunması düzgün deyil. Dinimizdə də belə bir şey yoxdur. Yaxşı olar ki, din xadimləri bu məsələlərdə Allah rizası ilə hərəkət etsinlər”.
Qafqaz Müsəlmanları İdarəsinin sertifikat verdiyi axundla bağlı İdarənin mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətin rəhbəri Rəhimə Dadaşova bildirib ki, bu halı rüşvət kimi qəbul etmək düzgün olmaz. Onun sözlərinə görə, məscidin axundunun bu cür hərəkət etməsi də doğru deyil:
“Burada halallaşmaq məsələsi var. Fərqi yoxdur, kimsə nəsə xidmət göstərirsə, bu xidmətlə bağlı halallıq istənilir. Amma nəyisə tələb etmək doğru hal deyil”.
QMİ sözçüsü konkret ad çəkiləcəyi halda həmin axunda və ya imama qarşı tədbir görülməsinin mümkün olduğunu deyib:
“Nikah, kəbin insanın həyatında ən sevincli və yaddaqalan günüdür. Ona görə də elə insanlar var ki, çox yüksək məbləğdə pul verərək ondan kəbinin kəsilməsini xahiş edir. Yəni kimin imkanı çatırsa, onu halallıqla verir. Bu, başqa məsələdir. Onu irad tuta bilmərik ki, sən niyə bu qədər pul verirsən. Amma imkanı çatmayan insanlardan bu qədər pul tələb etmək doğru deyil. Verilən pulu halallıq naminə götürüb onunla qane olmalıdır”.
Qafqaz Müsəlmanları İdarəsinin də dinimizlə bağlı məsələlərdə maraqlı olduğu deyən R.Dadaşovanın sözlərinə görə, bu kimi hallara yol verən dindarlara qarşı ölçü götürülür:
“Söhbət tək kəbindən getmir. Bu və ya başqa formada xoşagəlməz, dinə uyğun olmayan, Dini Mərkəzin özünə ləkə gətirən fəaliyyət olarsa, Qafqaz Müsəlmanları İdarəsi olaraq töhmətləndirməkdən tutmuş, işdən azad olunmağa kimi cəza tədbiri olur. Hətta, rayonlarda bu cür komissiyalarımız var. Dini Mərkəz bu cür halları yoluna qoymaq üçündür. İdarə dindarları məhz buna görə təkminləşdirmə kurslarına göndərir. Dini Mərkəzin vəsiqə verdiyi, vaxtaşırı akreditasiyadan keçirdiyi, təkmilləşmə kurslarına cəlb etdiyimiz din xadimlərinin fəaliyyətinə cavabdehlik daşıyırıq və bu və ya digər xoşagəlməz hal olduqda tənbeh işi həyata keçirilir”.