Nazir Sultan Bin Səid Əl Mansuri ölkəmizə səfərindən ötən dövr ərzində Bakıda gedən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını vurğuladı.
O, Azərbaycanın əldə etdiyi uğurların ölkəsində maraqla izlənildiyini dedi. Sultan Bin Səid Əl Mansuri ölkələrimiz arasında iqtisadi, siyasi, investisiya qoyuluşu, birgə əməkdaşlıq sahələrində və digər sahələrdə münasibətlərin inkişaf etdirilməsinin regional əlaqələrin genişləndirilməsi baxımından önəmini qeyd etdi.
Dövlətimizin başçısı İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində böyük inkişafa nail olunduğunu məmnunluqla qeyd etdi. Ölkəmizdə yeni inkişaf layihələrinin uğurla icra olunduğunu vurğulayan Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri, iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Sultan Bin Səid Əl Mansurinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin ölkəmizdə həyata keçirilən investisiya layihələri ilə yaxından tanış olmaq üçün yaxşı fürsət yaradacağına ümidvar olduğunu bildirdi.
Görüşdə Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlığın iqtisadiyyatın müxtəlif sahələrində inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıldı.