Konfrans “16 Noyabr - Beynəlxalq Tolerantlıq Günü” nə həsr olunub. Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan - tolerantlığa nümunə ölkə” adı altında təşkil olunan tədbirə bölgədə fəaliyyət göstərən dini icmaların təmsilçiləri, eləcə də ictimaiyyət nümayəndələri qatılıb. DQİDK-nin sədrinin birinci müavini Səyyad Salahlı deyib ki, Azərbaycanın mövcud qanunvericilik bazası və əsrlərdən bəri formalaşaraq gələn tolerantlıq ənənəsi ölkəmizdə dini, milli və irqi mənsubiyyətindən asılı olmayaraq, hər kəsin bərabər hüquqlar çərçivəsində yaşamasını təmin edir. Komitənin sədr müavini deyib ki, Azərbaycanda 25 əsrdir yəhudilərin, 2000 ildir xristianların sülh və əmin-amanlıq şəraitində yaşaması ölkəmizdə tolerantlıq və dini dözümlülük mühitinin tarixən mövcud olmasının sübutudur. Daha sonra çıxış edənlər də Azərbaycanın etnik, dini və milli baxımdan zənginliyinin tarixən qorunmasının ölkəmizin tolerantlığa model ölkə olmasının sübutu kimi qiymətləndirib. Bölgədə fəaliyyət göstərən müsəlman, xristian və yəhudi icmalarının sədrləri də qeyd ediblər ki, hər üç səmavi dinə məxsus ibadətgahların eyni dərəcədə həm dövlət, həm də xalq tərəfindən qorunması ölkədə dini dözümlülük şəraitinin mövcudluğuna əyani sübutdur.