Məktəblilərin rayonla tanışlığı Horadiz şəhərinin girişindəki Dövlət Bayraq Meydanından başlayıb. Sonra Heydər Əliyev Parkına gələn qonaqları rayon ictimaiyyətinin nümayəndələri və füzulili məktəblilər qarşılayıblar. Məktəblilərə Füzuli rayonunun tarixi, coğrafi mövqeyi, mədəniyyəti, iqtisadiyyatı barədə məlumat verilib.
Heydər Əliyev Mərkəzinə gələn tur-aksiya iştirakçıları Heydər Əliyevin həyatını, siyasi fəaliyyətini əks etdirən fotoşəkillərlə və sənədlərlə, qədim Azərbaycan dövlətləri haqqında məlumatlarla və həmin dövlətlərin rəmzlərinin lazer görüntüləri ilə tanış olublar.
“Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunmuş maarifləndirici tur-aksiyaların ikinci mərhələsi çərçivəsində Aran Qarabağ bölgəsinə səfər çərçivəsində məktəblilər noyabrın 10-da Ağdam rayonunda olublar. Rayonun girişində səmimiyyətlə qarşılanan məktəblilərə Ağdam rayonu haqqında məlumat verilib.