Dövlət başçısı su elektrik stansiyası ilə birgə Şəmkirçay su anbarının açılışını bildirən düyməni basandan sonra mərasim iştirakçıları ilə görüşüb və çıxış edib
“Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu, Azərbaycanın gələcək inkişafı, iqtisadi inkişafımız üçün əvəzolunmaz bir infrastruktur obyektidir. Bu su anbarının fəaliyyəti nəticəsində 54 min hektar torpaqda suvarma yaxşılaşdırılacaq, 17 min hektar torpaq isə yenidən suvarılacaq”.
Prezidentin sözlərinə görə, bu, çox böyük investisiyatutumlu layihədir: “700 milyon manatdan çox dövlət vəsaiti qoyulmuşdur və Taxtakörpü su anbarından sonra qeyri-neft sektoruna qoyulan ikinci böyük investisiyadır. Son illərdə iqtisadiyyatın real sektoruna kredit şəklində 200 milyon manatdan çox vəsait qoyulub”.
Prezident bildirib ki, sahibkarlığın inkişafı diqqət mərkəzindədir: “Biz bu gün paralel olaraq su elektrik stansiyasının açılışını qeyd etdik.Biz çalışmalıyıq ki, öz enerji güclərimizi artıraq, o cümlədən bərpa olunan enerji növləri hesabına. Naxçıvan Muxtar Respublikasını demək olar ki, 100 faiz bərpa olunan enerji növləri ilə təmin etmək üçün böyük işlər görülmüşdür. Biz artıq bu məqsədə də çox yaxınıq”.
Dövlət başçısı bildirib ki, Azərbaycan regional əməkdaşlıq məsələlərində lider rolunu oynayır: “Burada nəqliyyat, energetika, təbii qaz layihələri əlbəttə ki, üstünlük təşkil edir və bütün bu məsələlər nəticədə regional təhlükəsizliyin möhkəmlənməsinə xidmət göstərir. Bir daha demək istəyirəm ki, Azərbaycanda bütün bu işlərə dövlət dəstəyi verilir. Bütün bu layihələr planlı şəkildə icra edilir.
Azərbaycan müstəqilliyə qovuşanda bizim vəziyyətimiz necə idi?! Neft sənayesi dağılmış vəziyyətdə idi. Köhnə yataqlarda iş getmirdi. Hər tərəf ekoloji fəlakətə bənzəyirdi. Bakının ətrafını yada salaq. Bibiheybət mədənləri bir ekoloji fəlakət idi. Qaraşəhər, Böyükşor gölü, digər Balaxanı mədənləri nə gündə idi?! Yəni, bizə, müstəqil dövlətə bu qaldı. Neftin hasilatı kəskin şəkildə aşağı düşmüşdü. Biz özümüzü təbii qazla təmin edə bilmirdik. Baxmayaraq ki, sovet vaxtında Azərbaycandan təbii qaz həm Ermənistana, həm Gürcüstana ötürülürdü, biz isə təbii qazı xaricdən almağa başlamışdıq. Bu idi müstəqilliyimizin əvvəlində müşahidə olunan mənzərə. Ona görə bir daha demək istəyirəm ki, biz buna ancaq müstəqillik dövründə nail ola bilmişik. Çünki bizim taleyimiz öz əlimizdədir”.
Prezident deyib ki, Azərbaycan xalqı söz sahibidir: “Azərbaycan xalqın iradəsi ilə idarə olunur. Azərbaycan dövləti lazım olan belə nəhəng layihələri xalqımız, dövlətimiz üçün icra edir və bundan sonra da edəcək. Çünki biz güclü dövlətik”.