Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov aznews.az-a açıqlamasında bildirib ki, Milli Məclis noyabr ayının 18-19-da dövlət büdcəsinə baxacaq.
Onun sözlərinə görə, bəzi sahələrdə, xüsusilə həkimlərin, müəllimlərin, eləcə də bir çox dövlət qulluqçularının maaşları artacaq:
“2015-ci ildə əməkhaqlarında artım olacaq, amma hansı qərarların qəbul olunacağını deyə bilmərəm. Çünki Dövlət Büdcəsinin 27%-i sosial layihələrə ayrılıb. O cümlədən əməkhaqqı da ora daxildir. Hər il dövlət başcısı əsas vəsaiti sosial layihələrə, əhalinin sosial rifahını yaxşılaşdırmağa, pensiya və əməkhaqqına yönəldir. Hər kəs bilir ki, bu gün hərbiyə böyük diqqət var. Ölkə başçısı tərəfindən orduya böyük vəsait ayrılır ki, ordumuz güclənsin. Demək olar ki, hər il hərbçilərin maaşında artım olur. Yəqin ki, 2015-ci ildə də müəyyən proses gedəcək”.
Müəllimlərin maaşlarının artırılması ilə bağlı Təhsil Nazirliyi və Maliyyə Nazirliyi arasında danışıqlar getdiyini söyləyən deputat artıq müəyyən razılaşmalara gəlindiyini bildirib. V.Əhmədov onu da qeyd edib ki, müəyyən sistem var ki, onlar bunu həyata keçirmək istəyirlər.
“Ona görə də hələ ki, qəti qərarlar yoxdur. Bütün bunlar dövlət büdcəsi qəbul olunandan sonra məlum olacaq”, - deyə millət vəkili bildirib.
Həkim və müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı məsələyə gəlincə, V.Əhmədov əlavə edib ki, hələ ki, bu məsələ gündəlikdə yoxdur.
Deputat bunun dövlət büdcəsinə aid olmadığını və ölkə başçısı tərəfindən baxıldığını söyləyib: “Yəqin ki, müəyyən qərarlar veriləcək. Amma mən də həkimlərə, müəllimlərə dövlət qulluqçusu statusunun verilməsinin tərəfdarıyam”.