Yarışın 4-cü günü Azərbaycan millisinin daha bir atleti podiuma çıxıb. Lakin 63 kq çəki dərəcəsində mübarizə aparan Elnurə Abbasova da komanda yoldaşlarından fərqlənməyib. 17 yaşlı idmançımız mükafatçılar sırasına düşə bilməyib. 2 hərəkətin cəmində 185 kq (80 kq + 105 kq) çəkini başı üzərinə qaldıran həmyerlimiz 40 iştirakçı arasında 35-ci yeri tutub. Çempion olan çinli Vey Danq isə Abbasovadan 67 kq çox qaldırıb - 252 kq (110 kq + 142 kq). Maraqlıdır ki, asiyalının birdən qaldırma nəticəsi təmsilçimizin təkanla qaldırmasından belə çox olub.
Qeyd edək ki, Abbasovadan öncə podiuma çıxan 4 atletimiz də zəif çıxış etmişdi. Komandamızın heyətində son olaraq, 94 kq çəki dərəcəsində mübarizə aparacaq Dadaş Dadaşbəyli gücünü yoxlayacaq.