14 noyabr 2014-cü il tarixdə səhər saatlarında Qaradağ rayonunun məktəblilərinin ikinci qrupu “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş maarifləndirici tur-aksiyasına qoşuldular. Tur-aksiya iştirakçılarını Fizuli-Ağcabədi-Ağdam-Bərdə-Tərtər marşurutu istiqamətində yola salmaq üçün Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, müəllimlər və valideynlər Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində toplaşdılar. Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açdı. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən “Ölkəmizi tanıyaq” layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaqdır. Birinci mərhələdə iştirak edən şagirdlərin zəngin və xoş təsüratlar ilə döndüklərini qeyd edərək bu səfərində çox uğurlu və faydalı olacağına əmin olduğunu vurğuladı.
Bu şəraiti yaratdığına görə şagirdlər də dövlətimizin başçısı cənab Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
Yola düşən gənclərimiz ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edərək abidə önünə güllər düzüb, dahi şəxsiyyətə ehtiramlarını bildirdilər.
Qeyd edək ki, rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri və onların müəllimləri bu gün Fizuli-Ağcabədi-Ağdam-Bərdə-Tərtər marşrutu ilə ölkənin Aran Qarabağ bölgəsinə yola düşərək, dörd gün davam edəcək tur-aksiya çərçivəsində həmin ərazilərin tarixi abidələri, görməli yerləri, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olacaqlar.
Mərasim başa çatdıqdan sonra şagirdlər onlar üçün ayrılmış avtobusla müvafiq marşrut istiqamətində yola düşdülər.