“Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində Ermənistana məxsus hərbi helikopterin vurulmasına Azərbaycan mediasının diqqət göstərməsini təbii qarşılayıram. Eləcə də hadisə ilə bağlı kütləvi informasiya vasitələri və xəbər portallarının video görüntü paylaşmaq istəyini də anlayıram. Amma məsələdə hansısa tələskənliyə yol vermək doğru deyil. Bu barədə Müdafiə Nazirliyi ilə ciddi dəqiqləşdirilmələr aparılmalıydı. İlk mənbə məhz Müdafiə Nazirliyinin özü olmalıydı».
FaktXəbər-in məlumatına görə, bunu apa-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Ə. Amaşov “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” prezident sərəncamının olduğunu xatırladıb.
O bildirib ki, sözügedən sənəd bu kimi informasiyaların yayılması ilə bağlı məsuliyyət kateqoriyalarını müəyyənləşdirmək baxımından önəmlidir: «Helikopterin vurulma anını hansısa jurnalist lentə ala bilməzdi. Belə olan halda həmin görüntünün medianın əlinə necə düşməsi də sual doğurur. Düşünürəm ki, bu, ciddi şəkildə araşdırılmalıdır. Hansısa naşılıq və sui-istifadə varsa, aradan qaldırılmalıdır. Məsələyə kompleks yanaşılmalıdır.
Çünki belə hallar gələcəkdə böyük fəsadlar verə bilər. Bir daha həmkarlarımdan və əlaqədar strukturlardan bu kimi mühüm məsələlərə məsuliyyətlə yanaşmağı xahiş edirəm».