MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, əvvəlcə Komissiyanın 2014-cü il noyabrın 5-də keçirilmiş iclasının protokolu təsdiq edilib.
Sonra 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin forması müzakirə və təsdiq edilib. Bildirişdə seçicinin adı, özünün və səs verəcəyi seçki məntəqəsinin ünvanı, səsvermənin yeri və vaxtı, səsvermə prosesində istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin siyahısı, həmçinin səsvermə qaydaları ətraflı şəkildə əks olunur.
Komissiya respublika üzrə daimi seçici siyahılarına daxil edilmiş seçicilərin sayına müvafiq olaraq (məcburi köçkün statusu almış seçicilər istisna olunmaqla), həmin saydan təqribən 3 faiz artıq, ümumilikdə 4872705 (dörd milyon səkkiz yüz yetmiş iki min yeddi yüz beş) bildirişin mətbəə üsulu ilə hazırlanmasını qərara alıb.
Komissiyanın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib. İclasda cari məsələlərə də baxılıb. Beynəlxalq qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələri iclasda iştirak ediblər.