“Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunmuş maarifləndirici tur-aksiyaların ikinci mərhələsi çərçivəsində Qarabağ bölgəsinə səfər edən Nərimanov və Qaradağ rayonlarının məktəbliləri noyabrın 11-də Bərdə rayonuna gəliblər. Qonaqlar Bərdə şəhərinin mərkəzi meydanında rayon ictimaiyyətinin nümayəndələri tərəfindən mehribanlıqla qarşılanıb. Rayon icra hakimiyyəti başçısının müavini Fəqət Şadlinskaya şagirdlərə Bərdənin qədim tarixi, abidələri və müasir inkişafı barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycanın ən qədim yaşayış və mədəniyyət məskənlərindən olan Bərdənin 3000 ildən çox yaşı var. Bərdə eramızdan əvvəl II minillikdən başlamış son orta əsrlərə qədər geniş bir dövrü əhatə edən çoxlu maddi mədəniyyət abidələri ilə zəngindir.
Şagirdlər daha sonra Bərdənin tarixi məkanları və görməli yerləri ilə tanış olublar. 1322-ci ildə inşa edilmiş Bərdə türbəsi və VI əsrə aid köhnə şəhər divarları şagirdlərin daha çox marağına səbəb olub. Məlumat verilib ki, orta əsr Azərbaycan memarlığının ən qiymətli abidələrindən olan Bərdə türbəsi bürcvarı türbələr qrupuna daxil olub, yeraltı və yerüstü hissədən ibarətdir. Türbənin gövdəsinin xarici diametri 10 metr, hündürlüyü isə 12,5 metrdir.
Məktəblilər sonra İmamzadə kompleksində də olublar.