Müsabiqə prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən və 2011-2013-cü illərdə Elmin İnkişafı Fondu tərəfindən keçirilmiş Gənc alim və mütəxəssislərin 1-ci və 2-ci müsabiqələrinin uğurları nəzərə alınaraq elan edilib. Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin maliyyələşdirilməsinin cəmi həcmi 500000 (beş yüz min) manat nəzərdə tutulub. Müsabiqə fizika-riyaziyyat və texnika elmləri, kimya elmləri, Yer haqqında elmlər, biologiya, tibb və aqrar elmləri, humanitar və ictimai elmlər sahələrini əhatə edən fundamental - tətbiqi, axtarış-innovasiya xarakterli və xüsusi layihələrin kiçik və orta həcmli qrantlar vasitəsilə maliyyələşdirilməsini nəzərdə tutur.
Müsabiqədə iştirak etmək üçün sənədlər noyabrın 14-dən dekabrın 29-u saat 17:00-dək qəbul olunacaq. Müsabiqənin nəticələri 2015-ci ilin birinci yarımilində açıqlanacaq. Müsabiqədə yalnız 35 yaşa qədər olan gənc alim və mütəxəssislər iştirak edə bilərlər.