"Allahın evi” olan Kəbənin üzərində olan qara örtüyün necə hazırlandığını bilirsinizmi? Həmin örtük hər il bir dəfə dəyişdirilir. Örtüyün hazırlanması üçün 200 nəfər hörgü ustası bir il xüsusi rejimdə çalışır.
Hündürlüyü 14 metr olan Kəbə örtüyünün hissələri bərabər olmur. Örtüyün uzunluğu 14 metr olsa da, eni fərqli olur. Çünki Kəbənin şimal-şərq divarı 12,63 m, şimal-qərb divarı 11,03 m, cənub-qərb divarı 13,10 m, cənub-şərq divarı isə 11,22 m-dir. Bu müqəddəs tikilinin sahəsi 128,4 m2-dir. “Kisvah” adlanan, qızıl saplarla işlənmiş ipək parça toxunulması üçün 670 kiloqram xalis ipək işlədilir. Onun üzərindəki naxışların vurulması üçün isə 15 kiloqram qızıl saplardan istifadə olunur. Bu naxışlarla ipəyin üzərinə şəhadət kəlməsi və Quran ayələri yazılır. Örtük 47 hissədən ibarətdir. O, Kəbənin üzərinə örtülür və yerə mis halqalarla bərkidilir. Onun düzəldilməsi təqribən 4.5 milyon ABŞ dollarına başa gəlir.