Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib. Bölmə rəisi bildirib ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təyin etdiyi normaya, eləcə də "Yol hərəkəti haqqında" Qanuna edilən 1 saylı əlavənin tələbinə əsasən, nəqliyyat vasitəsinin şüşələrinə görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan pərdə, plyonka və digər qurğuların quraşdırılaraq istismarı yolverilməzdir: “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qəbul etdiyi qərara əsasən, hər il mayın 1-dən noyabrın 15-dək Azərbaycanda nəqliyyat vasitələrinin arxa yan qapı şüşələrinə standarta uyğun sənaye üsulu ilə hazırlanmış jalüzlərin vurulmasına icazə verilib.
Bakı şəhər Dövlət Yol Polisi avtomobil sahibləri və sürücülərin nəzərinə çatdırır ki, təyin olunmuş standarta və tələblərə görə, nəqliyyat vasitələrinin arxa yan qapı şüşələrinə standarta uyğun sənaye üsulu ilə hazırlanmış, sürücülər tərəfindən adətən “ştorka” adlandırılan jalüzlərin quraşdırılaraq idarə edilməsi müddəti başa çatır və bu, nəzərə alınmalıdır. Bəzi sürücülər tünd pərdə və plyonkalardan istifadə edirlər ki, bu da qanunla qadağandır. Noyabrın 16-dan etibarən yol polisi tərəfindən bu sahəyə nəzarət gücləndiriləcək və bu istiqamətdə müvafiq tədbirlər görüləcək, qanunla qadağan edilmiş pərdə, plyonka və jalüzlərdən istifadə edən avtomobil sahibləri və sürücülər cərimələnəcəklər”.
V.Əsədov qeyd edib ki, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətaya görə sürücülər və avtomobil sahibləri 150 manat məbləğində cərimə olunurlar.
Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qəbul etdiyi qərara əsasən, hər il mayın 1-dən noyabrın 15-dək Azərbaycanda nəqliyyat vasitələrinin arxa yan qapı şüşələrinə yalnız sənaye üsulu ilə hazırlanmaş jalüzlərin vurulmasına icazə verilir.